YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvanın strateji yüksəlişi: Zəngəzur dəhlizi və yeni imkanlar

Ramid Namazov

Milli Məclisin deputatı

Türk dünyasına, eləcə də dünya siyasətinə nəhəng şəxsiyyəti – Ümummilli Lider Heydər Əliyevi bəxş edən Naxçıvan müstəqillik amallarının, milli ideyanın gerçəkləşməsində mühüm tarixi rol oynayıb. 1992-ci ildə müstəqilliyin ilk atributları Ulu Öndər tərəfindən Naxçıvanda yaradılıb, üçrəngli bayrağımız ilk dəfə orada ucaldılıb və müstəqilliyə gedən yolun başlanğıcı da bu milli hərəkatla başlayıb. Ermənistanın təcavüzü və blokadası şəraitində ağır günlər yaşayan Naxçıvanın təcriddən xilas olması və inkişafı da məhz Heydər Əliyevin qətiyyətli iradəsi sayəsində mümkün olub. Ümummilli Lider Naxçıvanı blokadadan çıxararaq sabit və dayanıqlı inkişaf yoluna, regional inteqrasiyaya qoşub.

Region ölkələri ilə əlaqələrin yaradılması və möhkəmləndirilməsi 1993-cü ildən sonra bölgənin ərzaq, enerji təminatı məsələlərinin həllinə, paytaxt ilə hava yolu əlaqəsinin genişləndirilməsi, aqrar və sənaye, digər iqtisadi islahatların aparılması Muxtar Respublikanın etibarlı müdafiəsini və inkişafını təmin edib. Onun xüsusi diqqət və qayğısı sayəsində sabitlik və mütərəqqi inkişaf yoluna daxil olan Naxçıvan Prezident İlham Əliyevin böyük qayğısının daim hiss olunduğu bölgələrdən biri kimi son 23 ildə daha da irəliləyərək bugünkü tərəqqi yoluna çatıb. Bu müddət ərzində Naxçıvana 17 səfər edən dövlət başçımız 100-dən artıq mühüm obyekt və vacib infrastrukturları istifadəyə verib.

Naxçıvanda quruculuq və abadlıq işləri daha da geniş vüsət alıb, inzibati binalar, saysız istehsal və emal müəssisələri açılıb, region ölkələri ilə ticari-iqtisadi-investisiya əlaqələri genişlənib, nəqliyyat bağlantıları şaxələnib. Son illərdə Naxçıvana olan dövlət dəstəyi strateji proqramlarla güclənib, 2023–2027-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində iqtisadi artımın sürətləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sosial rifahın daha da yaxşılaşdırılması yönündə aparılan ardıcıl işlər uğurlu nəticələrin əldə edilməsinə səbəb olub.

Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvan da dövlətin xüsusi iqtisadi-institusional güzəştləri ilə əhatə olunmaqdadır ki, bu da bölgəyə sərmayə qoyuluşları, biznes təşviqləri və sənaye sektorunda müsbət dinamikanın yüksəlişini təmin etməkdədir. Əhatəli və kompleks şəkildə davam etdirilən bu tədbirlər Naxçıvanın inkişafında əsaslı şəkildə yeni mərhələ açmaqdadır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərləri isə xüsusi əhəmiyyət daşıyır. Bu, bölgənin hərtərəfli inkişafına verilən xüsusi önəmin göstəricisidir, hər səfərin böyük mənası və gözəl nəticələri var.

Prezidentin sonuncu səfərindən ötən müddət ərzində bölgədə çox mühüm hadisələrin baş verməsi, sürətlə dəyişən geosiyasi proseslərin fonunda Naxçıvanın bölgədə strateji əhəmiyyəti daha da artıb, region enerji və nəqliyyat kommunikasiyalarının əsas nöqtələrindən birinə çevrilməkdədir. Naxçıvan Vətən müharibəsinə qədər Azərbaycanın strateji bölgəsi kimi xüsusi əhəmiyyət daşıyırdısa, hazırda qlobal bağlantılarda yeni dövrün başlaması bu coğrafiyanı dünyada vacib bir məkana çevirib.

Prezident İlham Əliyevin səfər zamanı tanış olduğu və açılışını etdiyi layihələrin hər biri Naxçıvanın ümumi inkişafı ilə yanaşı, regional inteqrasiyada yeni statusunun müəyyənləşməsi sarıdan mühüm hadisələrdir. Həmin layihələr sırasında “Naxçıvan dəmir yollarının yenidənqurulması layihəsi” Zəngəzur-Orta Dəhliz bağlantısının vacib xəttini təşkil edir. Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan yeddi kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və digər sahələrdə tikinti işləri davam etdirilir. Bir sözlə, Naxçıvanın timsalında bölgədə yeni nəqliyyat damarları yaranır və bu, Muxtar Respublika da daxil olmaqla Zəngəzur dəhlizinə aid bütün layihələri tamamlamaqla, dəmir yolu tranzitlərində buraxılış qabiliyyətinin illik 15 milyon tona çatmasını təmin edəcək.

Dəmir yolu bağlantısının şaxələndirilməsi, həm də Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması gündəliyi ilə yanaşı, regiondakı nəqliyyat sistemlərini də bir-biri ilə birləşdirəcək. Dövlət başçımızın qeyd etdiyi kimi, bu yol təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Bu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin bir qolu olacaq. “Bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır. Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir”.

Azərbaycan Televiziyasına müsahibəsində cənab Prezidentin xatırlatdığı kimi, Naxçıvan Zəngəzur və Qarabağ bölgələri ilə tarixi bağlantı və coğrafi vahidlik strukturunda inkişaf edib. Hər üç bölgə tarixən vahid məkan olub və bugünkü inzibati baxış da kommunikasiyaların və proqramların əlaqələndirilmiş orqanizm əsasında birləşməsini labüdləşdirib. Bəyan edildiyi kimi, bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. Eyni zamanda, Naxçıvanın müasir strateji inkişaf və institusional idarəetmə modeli də Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının nümunəvi idarəetmə sisteminə əsaslanır. Birgə, vahid əlaqələndirilmiş bu idarəetmə sisteminin üstünlükləri hər üç bölgədə öz mühüm nəticələrini verir, həm kadr islahatları, həm səmərəli idarəetmə, həm şəffaflıq və inkişaf üsul-idarəsini təmin etməklə yanaşı, adıçəkilən iqtisadi rayonların vahid inzibati strukturlaşmasını və ayrılmaz birgə statusunu təsdiqləyir.  

Naxçıvan həm də “yaşıl enerji” zonası kimi zəngin resurs bölgəsidir və Türkiyə vasitəsilə digər region ölkələrinə bərpaolunan enerjinin ixrac körpüsünə çevrilməsi reallaşmaqdadır. Prezidentin tanış olduğu və inşası davam edən “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları həmin mənbələr sırasında mühüm yer tutur. Ümumilikdə Naxçıvanda 688 hektar sahə günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib ki, bu da bölgənin həm davamlı və dayanıqlı enerji təhlükəsizliyini möhkəmləndirəcək. Xarici investorların maraq göstərdiyi enerji zonası həm də Qarabağ və Şərqi-Zəngəzurun bərpaolunan enerji sistemləri ilə uzlaşdırılaraq vahid ixrac zəncirində birləşdiriləcək. Nəticədə bölgənin enerji resursları Ermənistan ərazisindən Naxçıvana, Türkiyə və Avropaya uzanacaq böyük enerji dəhlizini formalaşdıracaq.

Naxçıvan həm də güclü sənaye infrastrukturuna malik bölgədir, qonşu ölkələrə sənaye ixracı üçün əlverişli imkanlara malikdir. Prezident İlham Əliyevin təməlini qoyduğu Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikinci nəhəng sənaye zonası olmaqla, Azərbaycanın sənaye zəncirində öz potensialı ilə rəqabətədavamlı ixracın sütunlarından birini təşkil edəcək. Cənab Prezidentə təqdim edilən “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” isə Muxtar Respublikanın məkan inkişafının vahid strateji baxışını müəyyən etməklə şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılmasını nəzərdə tutur. Bu konseptin gerçəkləşməsi Naxçıvanın güclü sənaye və istehsal-emal mərkəzi, turizm, enerji zonası, habelə Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi kimi inkişaf edərək dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi bölgədə tərəqqisini, xarici ölkələrlə dərin inteqrasiyasını möhkəmləndirəcək.