Xəbərlər
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: siyasi dialoqdan davamlı əməkdaşlığa doğru

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Mayın 7-də Vyetnam Sosialist Respublikasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Prezident İlham Əliyevin qəbul etdiyi yüksək səviyyəli qonağın səfəri zamanı imzalanan sənədlər və aparılan danışıqlar Azərbaycan-Vyetnam əlaqələrinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu səfər çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sənəd ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyır və gələcəkdə əməkdaşlığın daha da dərinləşməsi üçün siyasi, iqtisadi və hüquqi əsas yaradır.
Səfər zamanı energetika, müdafiə sənayesi, nəqliyyat, rəqəmsal inkişaf, ədliyyə, mədəniyyət və sahibkarlıq sahələrini əhatə edən çoxsaylı anlaşma memorandumları imzalanıb. Bunların arasında Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın “PetroVietnam” şirkəti arasında əməkdaşlığa dair sənədlər xüsusilə diqqətçəkicidir. Eyni zamanda, bərpaolunan enerji sahəsində Azərbaycan tərəfi Vyetnam şirkətlərini ölkəmizdə investisiyalara dəvət edib və qarşı tərəfin ölkəsinə sərmayə qoymağa da hazır olduğunu bəyan edib.
İqtisadi münasibətlərdə neft ixracı əsas yer tutur, lakin ticarət dövriyyəsinin neftdən asılı olmadan daha balanslı şəkildə inkişaf etdirilməsi üçün hər iki ölkənin biznes dairələri arasında informasiya mübadiləsinin genişləndirilməsi vacibdir. Bu məqsədlə Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpa olunması barədə razılıq əldə olunub. Komissiyanın növbəti iclasının yaxın zamanda keçirilməsi gözlənilir.
Müdafiə sənayesi sahəsində də tərəflər əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Hər iki ölkənin bu sahədə təcrübəsi və potensialı birgə layihələr və müəssisələr yaradılmasına zəmin yaradır.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Vyetnamın Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsində verdiyi dəstək eləcə də Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət bu əməkdaşlığın nümunələrindəndir. Prezident İlham Əliyev Azərbaycan sədrliyi dövründə bu təsisatın nüfuzunun artmasına töhfə verdiyini və bu istiqamətdə fəaliyyətin davam etdirildiyini qeyd edib.
Ərazi bütövlüyü, suverenlik və beynəlxalq hüququn aliliyi kimi məsələlərdə hər iki tərəfin vahid mövqedən çıxış etməsi, mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqlik nümayiş etdirməsi qarşılıqlı etimadın mühüm göstəricisidir.
Səfər çərçivəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə iqtisadi əlaqələrin genişləndirilməsi, mədəniyyət və arxiv işi sahəsində təcrübə mübadiləsi, eləcə də biznes şurasının yaradılması üçün atılan addımlar iki ölkənin çoxşaxəli əməkdaşlıq arzusunu əyani şəkildə əks etdirir.
Baş katib To Lamın Azərbaycana ilk səfəri olsa da, onun nəticələri həm rəmzi, həm də praktiki baxımdan əhəmiyyətli oldu. Prezident İlham Əliyev səfərin qısa müddətə baxmayaraq məzmun baxımından son dərəcə zəngin olduğunu vurğulayıb və əminliklə bildirib ki, Vyetnam nümayəndə heyəti ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaq.
Bu səfər imzalanan sənədlər və səsləndirilən niyyətlər Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafının möhkəm təməl üzərində qurulduğunu göstərir. İki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəni yaxınlaşma dinamik şəkildə davam edəcəkdir.