Xəbərlər
Qarabağ və Şərqi Zəngəzur: qələbədən inkişafa uzanan yol

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa, Xocalı və Ağdam rayonlarına növbəti səfəri ölkəmizin bu bölgələrdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin ardıcıl, planlı şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir. Bu səfər yalnız görülən işlərə baxış xarakteri daşımır, həm də dövlət başçısının rəhbərliyi ilə bölgədə aparılan böyük yenidənqurma prosesinə verilən yüksək siyasi iradənin, xalqla birbaşa təmasın və praktiki nəzarətin təzahürüdür.
Şuşa xalqımızın qürur yeri və milli kimliyimizin ayrılmaz parçasıdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər və şəhərdə inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasiminə qatılıblar. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. 2023-cü ilin sonlarından etibarən keçmiş məcburi köçkünlərin doğma şəhərə qayıdışı təmin olunur. İndiyədək Şuşaya 376 ailə - 1409 nəfərdən artıq sakin köçürülüb. Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir. Şuşa bu gün mədəniyyətimizin beşiyi, həm də azadlığımızın, milli birliyimizin və gələcəyə inamımızın simvoluna çevrilib.
Xocalı yaddaşın və qürurun ünvanıdır. Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olan Xocalı bu gün dirçəlir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocalı rayonuna növbəti səfəri bu baxımdan mühüm tarixi və siyasi əhəmiyyətə malikdir. Dövlət başçısının səfəri zamanı burada “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etməsi bölgənin inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir. Xocalı artıq ümidin, dirçəlişin və ləyaqətli həyatın şəhəridir. Artıq insanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Xocalının yenidən qurulması Azərbaycan xalqının tarixinə sahib çıxmasının, eyni zamanda gələcəyə nikbinliklə baxmasının bariz nümunəsidir. Bir zamanlar "Qafqazın Xirosiması", "Kabus şəhər" adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. Ağdam gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək. İşğal dövründə tamamilə viran qoyulan Ağdam artıq yeni inkişaf mərhələsindədir.
Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə dövlətimizin başçısının Ağdama səfəri, rayonun Kəngərli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti görüşdə Ağdam sakinlərinə növbəti şad xəbər də verdi: Rayonun Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır və yaxın aylarda orada da həyat qaynayacaq. Dövlətimizin başçısı rayona səfəri çərçivəsində, həmçinin Ağdam vağzal kompleksinin və Ağdam Muğam Mərkəzinin açılışında da iştirak etdi. Bu səfər bir daha göstərir ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi strateji xətt kimi formalaşıb.
Ermənistanın işğal dövründə xarabalığa çevirdiyi ərazilərimiz bu gün sürətlə dəyişir, dirçəlir və inkişaf edir. Yeni şəhərsalma layihələri, müasir yaşayış kompleksləri, mədəni, sosial və iqtisadi infrastruktur obyektləri, abadlaşdırılmış park və ictimai məkanlar bölgədə həyatın tam mənada bərpa olunduğunun göstəricisidir. Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas hədəf keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda həyat yenidən qaynayır.