Xəbərlər
Astarada Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib
Astara rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin YAP Astara rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini ehtiramla anıblar.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundovun və Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxovanın iştirak etdikləri tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov geniş məruzə ilə çıxış edərək partiyanın yaranma tarixi, ölkəmizin ictimai-siyasi inkişafında rolu və gələcək strateji hədəflərindən danışıb. H.Cəfərov vurğulayıb ki, 33 il ərzində Yeni Azərbaycan Partiyası milli maraqların qorunması, demokratik ənənələrin möhkəmləndirilməsi və dövlətçiliyin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərib. Təşkilat sədri, həmçinin partiyanın yeni təşəbbüsləri, ictimaiyyətlə uğurlu əməkdaşlığı, dövlətimizin praqmatik siyasəti və işğaldan azad edilmiş bölgələrdə həyata keçirilən Böyük Qayıdış Proqramının əhəmiyyətindən bəhs edib.
Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Bahadur Əhmədov çıxışında dövlətimizin səhiyyə sahəsinə diqqətini yüksək dəyərləndirib. O bildirib ki, ölkə rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə regionlarda tibbi infrastruktur yenilənib, xəstəxanaların maddi-texniki bazası gücləndirilib və həkimlərin peşəkarlıq səviyyəsi artırılıb. B.Əhmədov vurğulayıb ki, bu tədbirlər vətəndaşların sağlamlığının qorunmasına və səhiyyə xidmətlərinin əlçatan olmasına xidmət edir.
Yaqub Ağayev adına Artupa kənd tam orta məktəbin müəllimi Məryəm Məmmədli çıxışında təhsil sahəsinə dövlət dəstəyindən danışıb. O bildirib ki, məktəblərdə maddi-texniki baza yenidən qurulub, təhsil proqramları təkmilləşdirilib və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün müxtəlif layihələr həyata keçirilib. Həmçinin, vurğulanıb ki, bu tədbirlər bölgə gənclərinin intellektual və mənəvi inkişafına, təhsilin keyfiyyətinin artırılmasına böyük töhfə verir.
Çıxış edən YAP Mərkəzi aparatının məsul əməkdaşı Əli Axundov partiyanın 33 illik fəaliyyəti ərzində əldə etdiyi uğurları, ölkənin inkişafında və dövlətçilik siyasətində oynadığı aparıcı rolu diqqətə çatdırıb. O qeyd edib ki, YAP xalqın rifahı naminə səmərəli fəaliyyət həyata keçirib, regionların inkişafına dəstək olub və ölkənin beynəlxalq nüfuzunun artırılmasına xidmət edib. Ə.Axundov, həmçinin partiyanın parlaq gələcəyi naminə atılan addımlardan danışıb.
Sonra YAP Astara rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalı təşəkkürnamələrlə təltif edilib. Həmçinin, YAP sıralarına qəbul olunan yeni üzvlərə partiya vəsiqələri təqdim olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
