YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan Partiyası - müstəqil, müasir və bütöv Azərbaycan reallığı”

Salyan rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası - müstəqil, müasir və bütöv Azərbaycan reallığı” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, ərazi partiya təşkilat sədr və müavinləri, ziyalılar, partiya fəalları və gənclər iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti müasir Azərbaycanın siyasi tarixində xüsusi mərhələ kimi dəyərləndirilir. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin yaratdığı bu siyasi məktəb bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə yüksəlib. Vurğulayıb ki, YAP dövlətçilik prinsiplərinin qorunması, milli maraqların təmin edilməsi və ölkədə dayanıqlı siyasi sabitliyin möhkəmləndirilməsi sahəsində böyük xidmətlər göstərib. Bu illər ərzində partiya cəmiyyətin bütün təbəqələri ilə açıq dialoq aparan, yeniliklərə açıq, milli dəyərlərə sadiq bir siyasi qüvvə kimi formalaşıb. Yeni Azərbaycan Partiyası bundan sonra da dövlətimizin inkişafına, xalqımızın rifahına xidmət etməkdə qətiyyətlə davam edəcək.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin siyasi sistemində aparıcı rol oynadığını, qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin Azərbaycanda dayanıqlı inkişaf modelinin əsasını təşkil etdiyini bildirib. Qeyd edib ki, son illərdə həyata keçirilən enerji layihələri, ekoloji proqramlar, iqtisadi islahatlar və regional inkişaf təşəbbüsləri partiyanın müəyyən etdiyi strateji xəttin konkret nəticələridir.

Bu siyasətin mərkəzində vətəndaş amili, inkişaf, təhlükəsizlik və modernləşmə dayandığını vurğulayan deputat partiyanın cəmiyyətdə geniş sosial dayağa malik olduğunu, bu dayağın isə ölkə üzrə davamlı uğurların əsasını təşkil etdiyini diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təşkilati modeli illər ərzində daha da təkmilləşmiş, ölkənin bütün regionlarında sosial-siyasi fəallığın artmasına səbəb olmuşdur. Bildirib ki, partiyanın ideoloji xətti yalnız siyasi proseslərlə məhdudlaşmır, eyni zamanda ictimai həyatın müxtəlif sahələrində yenilənmə, inkişaf və milli həmrəyliyin güclənməsi kimi hədəfləri özündə birləşdirir. Vurğulayıb ki, bu gün YAP-ın gücü onun intellektual potensialı, gənclərin partiya sıralarında artan təmsilçiliyi və ümumi məqsəd ətrafında birləşən ziyalılar ordusudur. O, YAP-ın bundan sonra da ölkənin inkişaf strategiyasının həyata keçirilməsində etibarlı siyasi platforma olaraq fəaliyyət göstərəcəyini bildirib.

Salyan Rayon Mərkəzi Kitabxanasının şöbə müdirii Vəfa Əbilova və partiya veteranı Əbülfət Bədəlov çıxışlarında Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən və həmin dövrün siyasi reallıqlarından söz açıblar. Qeyd ediblər ki, partiyanın yaradılması Azərbaycan dövlətçiliyini böhranlı vəziyyətdən çıxaran, xalqın milli birlik və həmrəylik duyğusunu bərpa edən tarixi qərar idi. Çıxışlarda həmçinin vurğulanıb ki, YAP bu gün yalnız siyasi təşkilat deyil, dövlətçilik düşüncəsini, ictimai məsuliyyəti və milli məfkurəni cəmiyyətə aşılayan böyük bir məktəbdir. Onlar partiyanın gənclərə geniş meydan açmasını, fəal və məsuliyyətli vətəndaşların yetişməsində mühüm rolunu xüsusi qeyd ediblər.

Sonda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin inkişaf yolunda etibarlı siyasi dayağa çevrildiyini vurğulayıb. Qeyd edib ki, partiyanın 33 illik tarixi müasir Azərbaycan dövlətinin möhkəmlənməsi, sabitliyin təmin olunması və regionların inkişafı ilə sıx bağlıdır. Bildirib ki, YAP lokal səviyyədə də cəmiyyətlə sıx təmasda çalışan, ictimai təşəbbüsləri dəstəkləyən və dövlət siyasətinin bölgələrdə həyata keçirilməsinə əhəmiyyətli töhfə verən siyasi qüvvədir. O, tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü münasibətilə təbrik edərək, partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

DİGƏR Xəbərlər Arxiv