Xəbərlər
Andreas Peşke: Azərbaycan regionda Almaniyanın ən vacib tərəfdaşıdır
Oktyabrın 26-da Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi təşkil edilib. Məsləhətləşmələr çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Andreas Peşke arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, X.Xələfov Azərbaycanın Almaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib. O, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirib. Nazir müavini son dövrlərdə Azərbaycana qarşı atılan addımların, o cümlədən Avropa Parlamentinin və Almaniya Bundestaqının qərəzli qətnamələrinin Azərbaycanın Almaniya ilə münasibətlərinin inkişafına xidmət etmədiyini vurğulayıb. X.Xələfov ölkələrimiz arasında siyasi dialoqun daha səmərəli olması üçün bəzi məsələlərlə bağlı mövqelərin korrektə edilməsinə ehtiyac olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan X.Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətinin qaneedici olmadığını deyib. O əlavə edib ki, Avropanın aparıcı dövlətlərindən biri kimi Almaniyanın münaqişənin həlli istiqamətində daha fəal siyasət həyata keçirməsi faydalı olardı.
Nazir müavini ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi layihələr haqqında məlumat verərək həmin layihələrdə alman şirkətlərinin daha fəal iştirakının arzu olunduğunu vurğulayıb. O, Almaniyanın iqtisadiyyat və enerji nazirinin Azərbaycana gələcək səfərinin iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib. İki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin, qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsinin, tələbə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışan X.Xələfov humanitar sahədə əməkdaşlıq üçün də böyük potensial olduğunu qeyd edib.
Andreas Peşke Azərbaycanın regionda Almaniyanın ən vacib tərəfdaşı olduğunu vurğulayıb. O, təmsil etdiyi dövlətin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib. İki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafından bəhs edən A.Peşke son illər ərzində həyata keçirilmiş səfərlərə toxunaraq ölkələrimiz arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu qeyd edib. Almaniyalı diplomat ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə sıx əməkdaşlıq etmək niyyətini ifadə edib, siyasi dialoqun davamlı olmasında rəsmi Berlinin də maraqlı olduğunu nəzərə çatdırıb.
Alman iş adamlarının Azərbaycana daha çox sərmayə qoyulmasına maraq göstərdiyini qeyd edən A.Peşke 2012-ci ildən fəaliyyət göstərən Alman-Azərbaycan Xarici Ticarət Palatasının ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı platforma olduğunu bildirib. Mədəniyyət sahəsində əməkdaşlığı xalqları bir-birinə bağlayan vacib amil kimi qiymətləndirən Almaniya XİN-in rəsmisi Azərbaycanda alman dili və mədəniyyətinə böyük marağın olduğunu, MDB məkanında yalnız Azərbaycanda, Bakı Slavyan Universiteti nəzdində Alman Tədris və Mədəniyyət Mərkəzinin fəaliyyətə başladığını məmnunluqla qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.