YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq əməkdaşlıq nümunəsi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyev mayın 6-da “Vietnam News Agency” agentliyinə müsahibəsində Azərbaycanın Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Bu dost dövlətlə qarşılıqlı əlaqələrin ən müxtəlif sferalarda dərinləşdirilməsi əsas ölkəmizin maraq dairəsində yer alır. Azərbaycan ilə Vyetnam Avrasiyada tranzit daşımalar və logistika baxımından önəmli rola malikdirlər. Qarşılıqlı əlaqələrin inkişafı isə bu kontekstdə tərəflər üçün əlavə üstünlüklər yaradır. İki ölkə arasında ticarət dövriyyəsi dinamik inkişaf edir. 2024-cü ilin göstəricilərinə əsasən, ölkələrarası əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Əsas ticarət sahələrinə neft-kimya məhsulları, kənd təsərrüfatı malları və sənaye avadanlıqları daxildir. Eyni zamanda, hər iki ölkə qarşılıqlı investisiyalar üçün hüquqi baza və biznes mühiti yaratmaq istiqamətində addımlar atır. Bu sahədə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti xüsusilə önəmli rol oynayır.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnamla neft, energetika, sənaye, turizm, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialına malik olduğunu qeyd edib. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə tarixi əməkdaşlığın mühüm göstəricisidir.

Azərbaycan-Vyetnam münasibətləri bugünkü mərhələdə təkcə diplomatik deyil, eyni zamanda çoxşaxəli strateji əməkdaşlıq modeli kimi də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Azərbaycan və Vyetnam bu gün münasibətlərini dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdirir. Bu münasibətlərin əsasında duran dərin tarixi yaddaş, qarşılıqlı etimad və strateji baxış, iki ölkənin gələcək tərəfdaşlıq modelinin möhkəm bünövrəsini təşkil edir.

Azərbaycan ilə Vyetnam arasında əlaqələr əsas sahələri - enerji, ticarət, nəqliyyat, elm, təhsil və mədəniyyət sahələrini əhatə etməklə ardıcıl şəkildə inkişaf edir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri ikitərəfli dialoqda mühüm mərhələdir və tərəfdaşlığın dərinləşdirilməsində qarşılıqlı marağı simvollaşdırır. Bir tərəfdə artan sənaye potensialı ilə inkişaf etməkdə olan Vyetnam, digər tərəfdən isə strateji mövqeyə malik, yüksək logistika və enerji potensialına malik Azərbaycan var. Bir-birini tamamlayan bu üstünlüklər hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlığın yeni mərhələsi üçün möhkəm zəmin yaradır.