Xəbərlər
Azərbaycan-Vyetnam münasibətləri: etibarlı tərəfdaşlıq müstəvisində çoxşaxəli əməkdaşlıq genişlənir

Nurlan Həsənov
Milli Məclisin deputatı
Mayın 6-da Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin inkişafı və gələcək perspektivləri haqqında olduqca önəmli məqamlara diqqəti cəlb edib. Müsahibə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi və strateji xarakterli əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlara nəzər salınması baxımından da mühüm məsələləri özündə ehtiva edir.
Azərbaycan ilə Vyetnam arasında yarım əsrdən artıq bir tarixə malik olan dostluq əlaqələri iki ölkənin qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldıqlarını göstərir. Xüsusilə 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə etdiyi səfərlə bu münasibətlərin təməli qoyulmuşdur. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri bu əlaqələrin inkişafında mühüm mərhələsi olub. Bu təmaslar hər iki ölkə arasında ticarət, mədəniyyət və digər sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına təkan verib.
Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri ölkələrarası münasibətlərin yeni bir mərhələyə keçməsinə imkan yaradıb. Bu səfərlər çərçivəsində keçirilən rəsmi görüşlər iqtisadi, ticarət, neft, energetika, inşaat, turizm, əczaçılıq və digər sahələrdə səmərəli fəaliyyət imkanlarını genişləndirib. Həmçinin, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının yaradılması da bu əlaqələrin sistemli şəkildə inkişafını təmin edib. İki ölkə arasında ən nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində uğurlu əməkdaşlıq modeli mövcuddur.
Azərbaycanla Vyetnam arasında iqtisadi və ticari əlaqələr yüksələn xətt üzrə inkişaf edir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. 2019-cu ildə Azərbaycanın SOCAR və Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanan müqavilə enerji sahəsində əməkdaşlığın genişlənməsinə səbəb olub. Ölkəmizin mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında mühüm rol oynayıb.
İki ölkə arasında mədəniyyət və təhsil sahəsində də sıx və səmərəli əməkdaşlıq mövcuddur. Sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrin bir çoxu bu gün Vyetnamın dövlət orqanlarında məsul vəzifələrdə çalışır, iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verirlər. Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının yaradılması isə bu əlaqələrin inkişafına mühüm dəstək olub və qarşılıqlı humanitar münasibətlərin dərinləşməsində əhəmiyyətli rol oynayır.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Vyetnamda bir sıra uğurlu layihələr həyata keçirib. 2018-ci ildə Fond tərəfindən Ha Giang əyalətində ibtidai məktəb inşa edilib. 2025-cü ilin aprelində isə Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində bu ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirib. Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.
Vyetnamdan gələn tələbələrə Azərbaycanın təhsil proqramlarında iştirak etmək üçün qrantlar və təqaüdlər təklif edilir. Bu faktor iki ölkə arasında akademik mübadilə və elmi əməkdaşlığın inkişafı üçün böyük bir imkan yaradır. Tələbələr arasında əlaqələrin möhkəmləndirilməsi, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında yeni perspektivlər açacaq.
Azərbaycan və Vyetnam arasında turizm sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqələrinin yaradılması turistlər arasında mədəni mübadiləni daha da artıracaq və iki ölkənin mədəniyyətini yaxından tanımağa imkan verəcək. Həmçinin, səhiyyə və ekologiya sahələrində müştərək layihələrin həyata keçirilməsi tərəflər arasında əməkdaşlığın inkişafına təkan verəcək.
Mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini şərtləndirəcək. Bu səfər ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə, həmçinin qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edəcək. Səfərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev müsahibəsində bildirib ki, tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu baxımdan, sözügedən səfəri etibarlı tərəfdaşlıq müstəvisində inkişaf edən Azərbaycan-Vyetnam əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar.