Xəbərlər
AŞPA missiyası Milli Məclisə seçkiləri 30 nəfərlik heyətlə müşahidə edəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müxtəlif partiyalardan olan 30 nəfərdən ibarət müşahidə missiyası Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək.
Bu barədə Secki-2015.az saytına AŞPA-nın mətbuat mərkəzindən məlumat verilib. Bildirilib ki, missiyanın rəhbəri İspaniyadan olan parlamentari Yordi Cukladır.
Müşahidə missiyasının Azərbaycanda Milli Məclisin rəhbərliyi, həmçinin parlamentlərarası dostluq qruplarının rəhbərləri və üzvləri, o cümlədən parlamentdə təmsil olunmayan partiya nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Missiya üzvlərinin kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşləri planlaşdırılır. Seçki günü AŞPA-dan olan parlamentarilər ölkənin müxtəlif yerlərində səsvermə prosesinin gedişini izləyəcəklər.
Nümayəndə heyətini, həmçinin Venesiya Komissiyasının üzvləri - Avropa Şurasının müstəqil ekspertlərindən ibarət qrupu müşayiət edəcək.
Seçkiöncəsi nümayəndə heyəti sentyabrın 21-22-də Azərbaycanda səfərdə olub və çoxsaylı görüşlər keçirib.
AŞPA 1974-cü ildən etibarən müxtəlif ölkələrdə 150-yə yaxın seçki müşahidə edib.