Xəbərlər
Heydər Əliyev fenomeni: liderlik, uzaqgörənlik və qətiyyət nümunəsi

Ramid Namazov
Milli Məclisin deputatı
Azərbaycana rəhbərlik etdiyi iki fərqli dövrdə vətəninə və xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyevin ali devizi və həyat idealı dürüstlük, ədalət, milli mənafe və dövlət maraqları prinsiplərinə əsaslanmışdır. Hər iki sistemdə ölkəmizin milli mənafeyini, adət-ənənələrini, mədəniyyətini və mənəviyyatını qoruyaraq inkişaf etdirmişdir.
1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda yeni rəhbər seçilən Ümummilli Lider Heydər Əliyev ona göstərilən dərin etimada əsaslanaraq tam məsuliyyətlə Azərbaycanın qarşısında duran çətin və mürəkkəb vəzifələrin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Həmin dövr Azərbaycanın ictimai-sosial, iqtisadi-mədəni həyatında kifayət qədər problemlərin yaşandığı illər kimi xarakterizə olunurdu və bürokratik aparatda təmsil olunan köhnə hökumət komandası yeni islahatlar aparmaq bacarığı və əzmində deyildi.
Ötən əsrin 60-cı illərində iqtisadiyyatda dərinləşən mənfi meyllər Azərbaycanı sosial-iqtisadi inkişafdan geridə qoymuş, milli gəlirin inkişafına, sənaye və kənd təsərrüfatı istehsalının həcminə və əmək məhsuldarlığına görə, ittifaq göstəricilərindən xeyli aşağıda qalmasına səbəb olmuşdu. Ölkənin inkişaf dayaqları hesab edilən neft, energetika, metallurgiya, kimya sənayesində pozulmuş istehsal ritmi, eləcə də aqrar-sənayenin tənəzzüllə üzləşməsi respublikanın sosial-iqtisadi vəziyyətini çətinləşdirmişdi. Belə bir şəraitdə çıxış yolu axtarıb tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipil qərarlar qəbul edilməli və yeni konseptual proqramlar vasitəsilə xalq təsərrüfatında köklü struktur dəyişiklikləri həyata keçirilməli idi. Ən əsası olduqca məsuliyyətli vəzifələrin yerinə yetirilməsi üçün savadlı və uzaqgörən, bacarıqlı və təşkilatçı, cəsarətli rəhbərə ehtiyac vardı.
Heydər Əliyev ali kürsüsündə mövcud vəziyyəti qısa müddətdə dərindən təhlil edərək nöqsanların aradan qaldırılmasının və ömrünü başa vurmuş yarıtmaz idarəçilik kursu ilə barışmaz mübarizənin anonslarını verdi. Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda çıxışı zamanı qəti prinsip və məramını bəyan etdi: “Qətiyyətlə bildirmək istəyirəm ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş, yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalıdır. Xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməlidir”.
Ulu Öndər vaxt itirmədən qısa müddət ərzində əhatəli və qətiyyətli islahatlara start verdi. Respublikanın dinamik inkişafı üçün konseptual proqramlar həyata keçirildi və Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi başlandı. Ali rəhbərin təsərrüfat və mədəni quruculuq konseptinin həyata keçirilməsində cavan və işgüzar, yenilikçi, milli kadrların seçilib yerləşdirilməsi dərin vüsət aldı.
O, köhnə partiya nomenklaturasının yerində müasir təfəkkürlü kadrlara üstünlük verməklə hakimiyyət elitasının forma və məzmununu yeniləşdirdi. Dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltdi.
Beləliklə, qarşısıalınmaz nəhəng islahat proqramları sayəsində 1970‒1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil oldu. Sənaye urbanizasiyasının sürətli inkişafı öz mühüm nəticələrini göstərdi və Azərbaycan bu dövrdə ittifaq respublikaları arasında sənaye sahəsində məhsuldarlıq və milli gəlirin artımına görə 4-cü yeri, ümumsənaye məhsuldarlığına görə isə 6-cı yeri tutdu. 14 il ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi, yüzlərlə digər sənaye obyekti hesabına Azərbaycanın ixrac potensialı kifayət qədər yüksəlmişdi.
Həmçinin SSRİ-nin geridə qalmış aqrar respublika kimi tanınan Azərbaycan çox qısa müddətdə inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevrildi. Heydər Əliyevin kənd təsərrüfatının inkişafına daimi qayğısı nəticəsində 1975-ci ildə bu sahədə ciddi yüksəliş baş verdi və cəmi altı ildə 57 faiz artımla istehsal 1 milyard 572 milyon manatı ötdü. Həmin illərdə respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə göndərilirdi. Nəticədə respublikanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı.
Baş verən dəyişikliklər miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlar xarakterinə görə, digər respublikalardan qat-qat üstün olduğundan əksər respublikalar “Heydər Əliyev modeli” üzərində öz quruculuq planlarını həyata keçirirdilər.
Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanması, soykökə qayıdışın başlanğıc dövrü kimi də səciyyəvidir. Böyük şəxsiyyət sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı. O, bütün siyasi varlığı ilə ən böyük azərbaycanlı, milli xadim idi.
Sovet hakimiyyəti illərində Azərbaycanın milli ideyasının bərqərar olması üçün yorulmadan çalışır, Moskvanın siyasi təqiblərindən qorxmayaraq respublikamızda görkəmli şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin yubileylərini keçirir, incəsənət sahəsində milli əsərlərin yaradılmasının himayədarı kimi çıxış edirdi.
“Əliyev dövrü” kimi dəyərləndirilən həmin illərdə bütün dövlət tədbirlərində və iclaslarda xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, mənəviyyatı ilə bağlı məsələlər dərindən müzakirə olunurdu və Azərbaycan dili rəsm statusunu qoruyurdu. Milli tərəqqiyə yönələn mühüm qərarların qəbul edilməsi milli dövlət ideyasının formalaşmasına münbit zəmin hazırlayırdı.
Nizaminin, Nəsiminin, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Aşıq Ələsgərin və bir çox mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi onun milli elmi-ədəbi elitaya olan qayğısının nümunəsidir. Moskvada mühüm dövlət vəzifəsində çalışarkən Hüseyn Cavidin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında qərar qəbul edilməsi və 1982-ci il oktyabrında cənazəsinin Sibirdən Naxçıvana gətirilərək dəfn olunması onun qorxmaz və dəmir iradəsinin nəticəsində mümkün olmuşdur.
Ulu Öndərin milli-mədəni intibaha yol açan islahatları sayəsində həmin illərdə elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə də keyfiyyətli dəyişikliklər baş verdi, ali təhsilli ixtisaslı kadrların sayı respublikada iki dəfə artdı. 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərildi və onlar Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşmasına səbəb oldu.
Ulu Öndər əbəs yerə həmin dövrdə yaradılmış güclü bazanın müstəqil dövlət quruculuğuna gedən işıqlı yolun təməl sütunları adlandırmırdı. O, qeyd edirdi ki, “Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970‒1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.
Ulu Öndərin həmin dövrdəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması oldu. Yüzlərlə azərbaycanlı gəncin keçmiş İttifaqdakı ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Bu kadr potensialı dövlət müstəqilliyinin bərpasından sonra milli Silahlı Qüvvələrin zabit heyətinin formalaşmasında müstəsna rol oynadı və Ermənistanın işğalında olan torpaqlarımızı azad etməklə Ulu Öndərin ən ümdə arzusunu yerinə yetirdi.
Ümummilli Lider 70-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Azərbaycanın gələcəyi, müstəqilliyi haqqında düşünür, milli dövlətçilik əzmi ilə yorulmadan çalışır, gələcək müstəqil dövlətin milli atributlarını yaradırdı. Məhz onun birinci hakimiyyəti dövründə yaranmış dayanıqlı iqtisadiyyat və sənaye, milli-mədəni dirçəliş, milli özünüdərk və milli ruh Azərbaycan xalqının qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli azadlıq mübarizəsində möhkəm arxitektura olduğunu təsdiqlədi.
Heydər Əliyev zamanı və siyasi prosesləri uzaqgörənliklə və təkrarolunmaz fitri zəkası ilə təhlil edərək iradəli qərarlar verirdi. Onun qərarlarının heç biri nəticəsiz qalmırdı, daim yeni uğur salnaməsinin yeni səhifələrini əks etdirirdi. Bu baxımdan, onun keçmiş SSRİ-nin iflasının yaxınlaşması ilə bağlı siyasi fəhmi və müstəqil Azərbaycanın quruculuğunun inşa edilməsi yönündə yorulmaz fədakar fəaliyyəti uzaqgörən dühanın parlaq zəkası hesab edilə bilər.
Heydər Əliyev Azərbaycanda fikir plüralizmi, demokratik düşüncə tərzi, milli özünüdərk hisslərini yaratmaqla azad və inkişaf edən cəmiyyət quruculuğunu təmin etdi. O həm də müasir Azərbaycan parlamentinin banisidir. Hələ ilk rəhbərliyi dövründə sosialist respublikalarında mövcud olan partiya parlamentizminin köhnəlmiş iş üslubunu dəyişərək Ali Sovetin respublikanın siyasi, iqtisadi və ideoloji inkişaf məqsədlərinə çatmasında mühüm qərarlar qəbul etməsində nail olmuşdur. Ali Sovetin işində böyük dönüş yarandı və respublikanın iqtisadi, mədəni və elmi inkişafı ilə bağlı çoxsaylı qanun və qərarlar qəbul edildi.
Ümummilli Lider mahir siyasətçi kimi ali qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə edərək milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini də formalaşdırdı. IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII növbədənkənar sessiyasında, 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbul edilməsi və əsas qanunda Azərbaycan dilinin dövlət dili elan olunması haqqında 73-cü maddənin təsbit olunması Heydər Əliyevin yenilməz iradəsinin, sarsılmaz qətiyyətinin, müdrik gələcəyə baxış sinerjisinin nümunəsi idi.
Müstəqil Azərbaycana rəhbərliyi dövründə milli qanunvericiliyimizin təkmilləşdirilməsi, Milli Məclisə əlavə qanunvericilik təşəbbüslərinin və hüquqlarının verilməsi, parlamentin beynəlxalq təsisatlarla və digər əlaqələrinin möhkəmlənməsi, Heydər Əliyevin qanun yaradıcılığı sahəsində prinsipial islahatlarının məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.
Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ilə onun və Azərbaycanın həyatında yeni dövr başlandı. O, bu ali vəzifədə də sədaqətlə və tükənməz enerjisi ilə çalışır, sovet hökumətinin iqtisadi inkişaf strategiyasının yeni istiqamətlərinin müəyyən edilməsində, xarici iqtisadi münasibətlərinin inkişaf etdirilməsində və nəhəng dövlətin sosial tərəqqisində məsuliyyətlə öz vəzifəsinin yerinə yetirirdi.
Baykal-Amur dəmir yolu layihəsi onun şah əsərlərindən biri kimi bu gün də qürurla xatırlanır.
Heydər Əliyev Moskvada çalışdığı müddətdə qazandığı yüksək hörmət və etimad, möhtəşəm nüfuz və siyasi dühası ilə bütün ittifaq respublikalarında və xarici dövlətlərdə dəmir intizamlı böyük şəxsiyyət kimi qəbul olunurdu.
Sözsüz ki, Ulu Öndərin daha da artan nüfuzu Mixail Qorbaçov və ətrafında qısqanclıqla qarşılanırdı. Qorbaçov hakimiyyətinin “Kremldəki böyük türk” adlandırılan nəhəng siyasi xadim Heydər Əliyevin güclənən nüfuzundan qorxması və erməni dairələrinin hiyləsi ilə ona və Azərbaycana qarşı məkrli təzyiqlər etməsi Ulu Öndərin Sov.İKP MK Siyasi Bürosunun və SSRİ Hökumətindəki yüksək postundan istefası ilə nəticələndi. Bu qərar çökməkdə olan qoca imperiyada böyük rezonans doğurmaqla digər təcrübəli dövlət xadimlərinin partiya sıralarını tərk etməsini sürətləndirdi və məntiqi sonluq olaraq SSRİ-nin çöküşünü labüdləşdirdi.
Azərbaycan xalqının yaşadığı faciələr məhz Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladı, erməni separatçıları və onların Kremldəki himayədarları dövlətimizə qarşı ərazi iddiaları başlatdı və Qarabağın itirilməsi, soydaşlarımızın öz doğma torpaqlarından qovulması, dəhşətli soyqırımı, digər fəlakətlər baş verdi. Prezident İlham Əliyevin haqlı olaraq vurğuladığı kimi, əgər Heydər Əliyev vaxtında Azərbaycanda rəhbərliyə dəvət olunsaydı, nə həmin faciələr baş verərdi, nə də torpaqlarımız işğal olunardı.
Ümummilli Lider ona qarşı yönələn bütün ədalətsizliklərə baxmayaraq, harada yaşamasından və çalışmasından asılı olmayaraq daim Azərbaycanın qoruyucusu kimi önə çıxır, çətin və kritik məqamlarda Vətəninin xilasına, nicatına yetişirdi. Sovet qoşunlarının törətdiyi Qanlı 20 yanvar qətliamına qarşı sərt mövqe bildirərək Azərbaycan Respublikanın Moskvadakı daimi nümayəndəliyində faciənin məsuliyyətinin birbaşa Qorbaçov hakimiyyətinin üzərinə düşdüyünü bəyan edərək Mərkəzin və Azərbaycanın ovaxtkı rəhbərlərinin xəyanətkar mövqeyini ifşa etdi.
Heydər Əliyevin doğulub boya-başa çatdığı Naxçıvana gəlişi Azərbaycanın ictimai-siyasi həyatında yeni dövrün başlanğıcını qoydu. “Doğma Vətən torpağına ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm” deyən Ulu Öndər xalqın sönməz məhəbbət izdihamı ilə Azərbaycanın yaşadığı taleyüklü məsələlərin həllinə biganə qala bilmədi. Onun Muxtar Respublikaya qayıdışı təkcə naxçıvanlıların deyil, bütün xalqımızın itməkdə olan inamını özünə qaytardı.
Milli dövlətçilik ənənələrinin bərpasının və xalqın milli azadlıq mübarizəsinin başlandığı Naxçıvanın Ermənistan tərəfindən hücumlarının qarşısı alındı, güclü təhlükəsizlik tədbirləri görüldü. Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın ali qanunvericilik orqanında Xalq Cümhuriyyətinin üçrəngli bayrağının 70 ildən sonra ilk dəfə ucaldılması Azərbaycanın müstəqilliyinin bərpasına doğru gedən şərəfli yola möhkəm cığır açdı.
Onun Muxtar Respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Naxçıvanda yerləşən sovet ordusuna məxsus 75-ci motoatıcı diviziyanın və 441-ci sərhəd dəstəsinin öz əmlaklarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməsi milli dövlət quruculuğu yolunda ən önəmli addımlardan biri oldu.
Ümummilli Lider Naxçıvanın blokadadan çıxarılması üçün müdrik siyasi təşəbbüslərinin sayəsində Türkiyə və İranla əlaqələr qurdu, 1992-ci il martın 24-də “Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”nun, həmin ilin avqustunda isə “İran İslam Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq haqqında” sənədlərin imzalanması, “Ümid körpüsü” adlandırılan Sədərək körpüsünün açılması Naxçıvanın ictimai-siyasi, sosial həyatında əsaslı dönüş yaratdı.
Muxtar Respublikada ümumdövlət hərəkatına çevrilən milli ideya xalqın birləşməsini, həmrəylik və mütəşəkkilliyini də gücləndirdi, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi siyasi münasibətlər sistemində yeni mərhələni başlatdı. Eyni zamanda, Azərbaycanın müasir siyasi sisteminin əsası qoyuldu.
YAP Azərbaycanın bütün bölgələrindən olan insanları sıx birləşdirərək ümumxalq partiyasına çevrilməklə Azərbaycanın siyasi müqəddəratını öz çiyinlərinə götürdü. Partiyanın yaradıcısı Heydər Əliyevin müstəqilliyini yeni bərpa etmiş dövlətin üzləşdiyi ağır və təlatümlü dövrdə Xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək dövlətçiliyə sahib çıxması ilə Azərbaycanın əbədi və dönməz müstəqillik salnaməsi bərqərar oldu.
Azərbaycan Ulu Öndərin rəhbərliyi altında 1993-2003-cü illərdə öz güclü dövlət institutlarını formalaşdırmaqla dünyada öz layiqli yerini tutdu, beynəlxalq miqyasda ən nəhəng enerji-nəqliyyat layihələri ilə etibarlı tərəfdaşa çevrildi, milli intibahına qovuşdu. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandırdı və 26 il sonra Qarabağ müharibəsində Zəfər manifestini yazdı.
Ulu Öndərin anadan olmasının 100 illik yubileyini ən ali Zirvədə - Qələbəmizin tacı olan Şuşada qeyd edən Prezident İlham Əliyev bildirib ki, 100 illiyin burada qeyd olunması bizim üçün böyük rəmzi məna daşıyır. Şuşa Heydər Əliyev üçün çox müqəddəs torpaq idi, vəsiyyətində də Şuşanı azad etməyi öz Siyasi Varisinə əmanət etmişdi. Cənab Prezidentin Ata vəsiyyətini yerinə yetirməklə həm də Heydər Əliyevin bütün müqəddəs arzularını reallaşdırdı.
Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin inkişaf və sabitlik rəmzidir. Ümummilli Liderin unikal dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı inkişafının ən güclü dövrünə daxil edib.