YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı jurnalistlər Milli Məclisdə olublar

Parlament seçkiləri ərəfəsində ölkəmizə gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələrinin bir qrupu oktyabrın 26-da Milli Məclisdə olub.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, qonaqlar parlamentin iclas zalında deputatlar üçün yaradılmış şəraitlə tanış olublar.

Parlament Aparatının rəhbəri Səfa Mirzəyev onlara Milli Məclisin fəaliyyəti və inzibati binası haqqında ətraflı məlumat verib. Sonra qonaqlar Heydər Əliyev xatirə zalında Azərbaycan xalqının Ümummilli Lideri ilə bağlı eksponatlara baxıblar.

Rusiyalı jurnalistlər daha sonra Milli Məclisin sədri Oqtay Əsədovla görüşüblər.

Sədr ölkəmizdə keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycana səfər etdiklərinə görə jurnalistlərə təşəkkür edib. Bildirilib ki, seçkiləri izləmək üçün Milli Məclis və digər müvafiq qurumlar tərəfindən bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunublar. Bu, onu göstərir ki, biz Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsində maraqlıyıq və bunun üçün lazım olan bütün işlər görülüb. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik cəmiyyət quruculuğu istiqamətində ötən illərdə məqsədyönlü siyasət yürüdülüb. Azərbaycanda milli azlıqların hüquqları müdafiə olunur, dini etiqad azadlığı var. Bu gün ölkədə 3 minədək qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Məhkəmə-hüquq islahatları müsbət nəticəsini verir.

Oqtay Əsədov bildirib ki, Azərbaycan-Rusiya münasibətləri həyatın bütün sahələrində dinamik inkişaf edir. Parlamentlərarası əlaqələrimiz dövlətlərarası münasibətlərin dərinləşməsinə töhfəsini verir.

Sədr Azərbaycanda həmişə rus dilinə böyük hörmətlə yanaşıldığını vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycanda 335 rusdilli orta məktəb, o cümlədən bütün dövlət ali məktəblərində rusdilli bölmələr var. Bununla yanaşı, Bakıda Slavyan Universiteti, Moskva Dövlət Universitetinin və bu ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Ölkədə rus dilində qəzet və jurnallar nəşr olunur.

Oqtay Əsədov qarşıdakı parlament seçkilərinin rusiyalı KİV nümayəndələri tərəfindən obyektiv işıqlandırılacağına inamını ifadə edib, jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.