Xəbərlər
Tovuzda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tovuz şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon Ağsaqqallar Şurasının üzvü Mücaməddin Axundov, Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktoru Hicran Əyyubova, Tovuz DAİM-nin əməkdaşı Aslan Yusifov, Tovuz şəhər Mahir Ələkbərov adına məktəbin direktoru Sadıq Rəhimov vurğulayıblar ki, görkəmli siyasət və dövlət xadimi kimi Ulu Öndər Heydər Əliyevin bütün dünyada nüfuzlu şəxsiyyət olaraq tanınıb. Qeyd olunub ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə əlaqədardır. Ümummilli Lider Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ulu Öndər Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan hərtərəfli inkişaf yolundadır.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Qeyd edək ki, Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə uşaq və yeniyetmələr arasında şahmat üzrə tempo turniri də keçirilib. Turnir Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Qazax - Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektoru və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Bundan başqa Tovuz rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, həmçinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksinin idman meydançasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında Kross qaçışı üzrə rayon birinciliyi də keçirilib.
Yarışlarda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.