YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər

“Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın”. Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində söyləyib.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin.