Xəbərlər
Sabunçu rayonunda “Xalqa layiqli xidmət” adlı tədbir təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və “Balakhani Operating Company LTD”nin birgə təşkilatçılığı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Xalqa layiqli xidmət” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Xalq yazıçısı, ictimai-siyasi xadim Elmira Axundova Ümummilli Lider Heydər Əliyevin Vətənə, xalqa xidmətdə keçirdiyi bütün həyatını doğma Azərbaycanı qurub, abad etməyə həsr etdiyini deyiblər.
Qeyd olunub ki, bir çox müstəsna cəhətləri ilə yanaşı Heydər Əliyevi cəsarətli və müdrik lider kimi səciyyələndirən onun uzaqgörənliyi, böyük səbri, gözəl natiqlik qabiliyyəti, fenomenal yaddaşı, daim öyrənmək həvəsi və tükənməz həyat eşqi idi. Məhz buna görə o, hələ çox gələcək nəsillər üçün şəxsiyyət nümunəsi olacaq.
O da vurğulanıb ki, Heydər Əliyevin sədrliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqillik tariximizin ən ağır və keşməkeşli mərhələsinin sınaqlarından keçərək özünü doğrultmuş, ictimai-siyasi mühitdə hakim partiya kimi qalaraq ölkəmizin bütün sahələrinin inkişafına töhfə verir və Heydər Əliyev irsini layiqli şəkildə davam etdirir.
Tədbirin sonunda Xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildli nəşri müəllifin imzası ilə “Balakhani Operating Company LTD”nin kitabxanasına hədiyyə edilib.