Xəbərlər
Xətaidə akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışında akademik Zərifə Əliyevanın keçdiyi şərəfli və mənalı həyat yolundan, onun tibb elminin inkişafına verdiyi töhfələrdən ətraflı bəhs edib. O, Zərifə xanımın görkəmli alim olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı şəxsiyyət olduğunu vurğulayıb.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Zərifə xanım Əliyevanın insanlara daim yüksək diqqət və qayğı göstərdiyini, onun oftalmologiya sahəsində apardığı elmi tədqiqatların bu gün də öz aktuallığını qoruduğunu və yeni nəsil həkimlər üçün mühüm elmi məktəb rolunu oynadığını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva görkəmli şəxsiyyət Zərifə Əliyevanın tibb sahəsində göstərdiyi misilsiz xidmətlərin cəmiyyət üçün çox faydalı olduğunu, onun apardığı elmi tədqiqatların isə yeni nəsil həkimlər üçün dəyərli elmi mənbə rolunu oynadığını vurğulayıb.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov çıxışında akademik Zərifə Əliyevanın tibb elminə gətirdiyi yeniliklərdən danışıb, onun elmi araşdırmalarının, xüsusilə peşə patologiyaları sahəsində apardığı işlərin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini bildirib.
Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov isə Zərifə Əliyevanın xeyirxahlıq missiyasından, oftalmologiya sahəsində göstərdiyi nümunəvi fəaliyyətdən danışıb. O bildirib ki, Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmişdir.
Əməkdar həkim, tibb elmləri doktoru Kənan Yusifzadə çıxışında akademik Zərifə Əliyevanın elmi yanaşmalarının müasir tibbin bir çox istiqamətlərində tətbiq olunduğunu qeyd edib. O vurğulayıb ki, Zərifə xanım 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur.
M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin keyfiyyət üzrə komitə rəhbəri Səlmin Quliyeva qeyd edib ki, Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, fəal mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Tədbir Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə yekunlaşıb.
