Xəbərlər
Qaradağda “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təşklatçılığı ilə məşhur “91-lər”in mərhum üzvü, professor Əjdər İsmayılovun doğum günü münasibətilə “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məşhur “91-lər” nümayəndələri - Milli Məclisin deputatı Vüqar Rəhimzadə, partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədov və Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov; Milli Məclisin deputatı Səbinə Xasayeva, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev, “Olaylar” İnformasiya Agentliyinin direktoru Yunus Oğuz, Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, təhsil müəssisələrinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Əvvəlcə tədbirdə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, məşhur “91-lər”in vəfat etmiş üzvlərinin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev professor Əjdər İsmayılov haqqında xatirələrini bölüşüb. Qeyd olunub ki, məşhur “91-lər” Azərbaycanın müasir tarixində önəmli rol oynamış və onlar dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, suverenliyimizi və müstəqilliyimizi qorumaq uğrunda ilk mübarizə aparan insanlar idi. Professor Əjdər İsmayılovu yaxından tanıyan, onunla 1986-1993-cü illərdə Naxçıvan şəhərində yaşayan və Naxçıvan Dövlət Universitetində birlikdə çalışan bir insan kimi tam qətiyyətlə deyə bilərəm ki, bu ziyalı alim Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən mübarizədə Ümummilli lider Heydər Əliyevin ətrafinda birləşən ilk insanlardan biri olub.
Qafar Əliyevin sözlərinə görə, 1990-cı illərin böhranlı günlərində 91 nəfər tanınmış ziyalının, o cümlədən professor Əjdər İsmayılovun Ulu Öndər Heydər Əliyevə müraciəti xalqın içindən gələn bir qurtuluş və bu çətin vəziyyətdən xilas olmaq üçün Dahi Liderin yenidən hakimiyyətə qayıdışına bir çağırış idi: “Həmin çağırış Azərbaycanın gələcəyini düşünən, ölkənin xaosdan, qeyri-sabitlikdən xilas olunmasını istəyən insanların timsalında xalqın ümumi iradəsinin təcəssümü idi. Əsl vətəndaş mövqeyi nümayiş etdirən bu insanların fəaliyyəti müstəqilliyimizin qorunması və ölkəmizin inkişafı bağlı olub və onların əziz xatirəsi daim uca tutulacaq.
Məşhur “91-lər”in nümayəndəsi, Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, bu tədbir təkcə bir ziyalının doğum günü tədbiri deyil, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoymuş bir zümrənin - “91-lər”in fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycanın daxilində siyasi və sosial sabitliyin pozulduğu, vətəndaş qarşıdurmasının kulminasiya nöqtəsinə çatdığı bir zamanda “91-lər”in tarixi müraciəti ölkənin gələcək taleyində həlledici rol oynadı. Bu, cəsarətin, uzaqgörənliyin və milli məsuliyyətin nümunəsi idi. Çünki “91-lər”in çağırışının fonunda sonradan xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, dövlət institutları möhkəmləndi və Azərbaycan müstəqil dövlət kimi özyolunu müəyyənləşdirdi.
V.Rəhimzadə qeyd edib ki, Əjdər İsmayılovun timsalında bu gün “91-lər”in tarixi xidmətlərini yadda saxlamaq, bu mirası gənc nəslə ötürmək olduqca vacibdir. Belə tədbirlər yalnız keçmişi xatırlamaq üçün deyil, eyni zamanda, gələcək nəsillərə Vətənə, dövlətə və milli kimliyə sadiqliyin nə demək olduğunu anlatmaq baxımından bir vasitədir. Bu tədbirdə səslənən çıxışlar, təqdim olunan arxiv materialları, iştirak edən gənclərin və ziyalıların fəallığı sübut edir ki, Əjdər İsmayılovun timsalında “91-lər”in ruhu bu gün də yaşayır və yaşamaqda davam edəcək.
Məşhur “91-lər”in nümayəndəsi, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov bildirib ki, bu görüş tarixi yaddaşın qorunması, milli dirçəlişin təməlində duran bir hərəkatın yenidən xatırlanması baxımından əlamətdar hadisədir. O vurğulayıb ki, Əjdər İsmayılov “91-lər”in fəal və cəsarətli üzvlərindən biri kimi Azərbaycanın taleyüklü dönəmində əsl ziyalı mövqeyi sərgiləyib, xalqın və dövlətin mənafeyini hər şeydən üstün tutub: “Əjdər İsmayılov milli ideallara bağlı bir şəxsiyyət, gənc nəslin formalaşmasında əvəzsiz rolu olan müəllim, dərin biliyi və intellekti ilə cəmiyyətdə özünəməxsus mövqeyi olan nümunəvi obraz idi. Onun elmi fəaliyyəti ilə yanaşı, ictimai-siyasi mövqeyi də Azərbaycanın müasir tarixində silinməz iz qoyub. Əjdər müəllimin adını yaşatmaq, onun ideyaları və dövlətə bağlı düşüncələrini gənc nəslə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur”.
“Olaylar” İnformasiya Agentliyinin direktoru Yunus Oğuz bildirib ki, Əjdər İsmayılov həm elm və ədəbiyyat aləmində, həm də müasir Azərbaycan tarixinin dönüş nöqtəsində öz dəsti-xətti ilə iz qoymuş bir şəxsiyyətdir. O qeyd edib ki, bu tədbir sadəcə bir doğum günü xatirəsi deyil, həmçinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şanlı salnaməsinə çevrilmiş bir hərəkatın – məşhur “91-lər”in ruhuna ehtiramdır: “Əjdər İsmayılovun qələmi, ideyaları daim haqq və ədalətə xidmət edib. O, yalnız siyasi arenada yox, ideya məkanında da xalqın milli şüurunu oyadıb ruhunu dirçəltməyə çalışan bir ziyalı idi. İctimai-siyasi proseslərlə bağlı adını tarixə həkk etmək cəsarəti hər kəsə nəsib olmur. Lakin bu insan məsuliyyəti könüllü üzərinə götürərək ömrü boyu öz əqidəsindən dönməyib”.
Çıxış edən məşhur “91-lər”in nümayəndəsi, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov bildirib ki, Əjdər müəllimin adı xalqın yaddaşında bir ziyalılıq nümunəsi kimi qalacaq: “Bu tədbir bir daha sübut edir ki, tarix yalnız keçmiş deyil, biz bu böyük şəxsiyyətin xatirəsini daim ehtiramla yad edirik. Əjdər İsmayılovun bizə buraxdığı miras təkcə imza atdığı müraciət deyil, həm də azərbaycançılıq ideyasına və Vətənə sədaqət nümunəsidir. Onun doğum gününü bu gün yoxluğunda, lakin ruhunun varlığında qeyd edərək anırıq”.
Sonda çıxış edən “Turan” Araşdırma İctimai Birliyinin sədri, Əjdər İsmayılovun oğlu Cavid İsmayıl bildirib ki, atası haqqında danışmaq onun üçün həm çətin, həm böyük qürur, həm də dərin məsuliyyətdir. O qeyd edib: “Atamın yoxluğu çox ağırdır, amma onun kitabları, elmi fəaliyyəti, ictimai-siyasi düşüncələri, yazıları xalqımız üçün elə bir mirasdır ki, illər keçsə də dəyərini itirməyəcəkdir. Bu tarix təqvimdə sadə bir qeyd ola bilər, amma Əjdər müəllimi tanıyan, sevən, onunla çiyin-çiyinə çalışan hər kəs üçün müqəddəs, unudulmaz bir gündür. Çünki o, təkcə qayğıkeş ata və ailə başçısı deyil, həm də alim, yazar və müasir, müstəqil Azərbaycan uğrunda mübarizəyə inqilabçı kimi ilk qoşulan vətənpərvər insanlardan biri idi”.