Xəbərlər
Azərbaycan-Çin münasibətləri: Qlobal iqtisadiyyat və yeni dünya nizamında ortaq mövqe

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Azərbaycan və Çin arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında viza rejimi qarşılıqlı olaraq ləğv edilib. Artıq hər iki ölkənin vətəndaşları 30 gün müddətində vizasız şəkildə qarşılıqlı səfər edə biləcəklər. Bu addım uzun illər ərzində qurulan dostluğun, qarşılıqlı etimadın və ortaq maraqların məntiqi davamıdır.
Tarixən İpək Yolunun üzərində yerləşən Azərbaycan Çin mallarının Qərbə doğru daşındığı mühüm tranzit məntəqələrindən biri olmuşdur. Həmin dövrlərdə yalnız ticarət malları deyil, mədəniyyət, dillər və adətlər də bir ölkədən digərinə ötürülmüşdür. Hətta Çin səyyahlarının yazılarında Qafqazdan və Xəzərsahili torpaqlardan bəhs edilməsi də bu münasibətlərin qədimliyini sübut edir. İki ölkə arasında yaxınlıq əsasən, İpək Yolu vasitəsilə formalaşmışdır. Bu qədim ticarət marşrutu eramızdan əvvəl II əsrdə Çindən başlayaraq Orta Asiya, İran və Qafqazı keçərək Avropaya qədər uzanmışdır.
Azərbaycanın yerləşdiyi coğrafi mövqe - Xəzər dənizi sahili, Şərq və Qərbi birləşdirən yolların kəsişməsi onu Çin üçün mühüm tranzit və ticarət nöqtəsinə çevirib. Arxeoloji qazıntılar nəticəsində Qəbələ, Şamaxı və Bərdə kimi şəhərlərdə tapılan çini qabları, ipək parçalar və qədim pullar bu əlaqələrin mövcudluğunu sübut edir. Eyni zamanda, orta əsr Çin mənbələrində “Daşi” bölgəsinə edilən ticarət səfərləri və diplomatik təmaslar qeyd olunur. Bu qarşılıqlı əlaqələr yalnız mal mübadiləsi ilə kifayətlənməyib, ideyalar, sənət və texnologiya da bu yollarla yayılıb.
Diplomatik münasibətlər 1992-ci ildən etibarən qurulub və ötən müddət ərzində əməkdaşlıq davamlı şəkildə inkişaf edib. Xüsusilə 2013-cü ildə Çinin irəli sürdüyü “Kəmər və yol” təşəbbüsündə Azərbaycanın oynadığı rol bu münasibətləri daha da gücləndirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı və Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın tranzit ölkə statusunu daha da ön plana çıxarıb.
2025-ci ilin aprelində baş verən viza rejiminin ləğvi bu əlaqələrin praktiki hissəsini daha da sürətləndirəcək. Artıq turizm sahəsində canlanma gözlənilir. Çindən gələn turistlər ölkəmizin tarixi şəhərləri ilə tanış olmaq imkanı əldə edəcək, eyni zamanda Azərbaycan vətəndaşları da Çinin müxtəlif bölgələrini rahat şəkildə səyahət edə biləcəklər. Bu addım yalnız mədəni əməkdaşlıq deyil, iqtisadi inkişaf üçün də mühüm fürsətlər yaradacaq.
Ən mühüm faydalardan biri də biznes və investisiya imkanlarının genişlənməsidir. İndiyədək Çin Azərbaycanda müxtəlif sahələrə – tikinti, sənaye, nəqliyyat və kənd təsərrüfatına sərmayələr qoyub. Vizasız rejim sayəsində çinli iş adamlarının Azərbaycana səfərləri daha da asanlaşacaq və yeni layihələrin təməli qoyulacaq.
Eyni zamanda, təhsil və humanitar əlaqələr də sürətlə inkişaf edir. Bakıda fəaliyyət göstərən Konfutsi İnstitutu isə Çin dili və mədəniyyətinə marağı artırır. Vizasız rejim bu mübadilələri daha da əlçatan edəcək. Həmçinin, Çin universitetləri ilə Azərbaycan universitetləri arasında birgə proqramların sayı artır, müəllim və tələbə mübadilələri genişlənir. Bütün bu faktlar göstərir ki, bu münasibətlər dərin tarixi köklərə, ortaq maraqlara və güclü strateji baxışlara söykənir.