Xəbərlər
Salyanda tədbir keçirilib

Salyan rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümumdünya Statistika Gününə həsr olunmuş “Statistikanın inkişafı – davamlı gələcəyin əsası” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Salyan Rayon Statistika İdarəsinin sədri Elnur Hüseynov, idarə, təşkilatların rəhbərləri, ziyalılar və YAP fəalları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Salyan Rayon Statistika İdarəsində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Salyan Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev və başqaları çıxış edərək bildiriblər ki, statistika hər bir ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir və dövlət siyasətinin düzgün planlaşdırılmasında mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, ölkəmizdə müasir statistika sisteminin formalaşması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Statistik xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və rəqəmsallaşması istiqamətində mühüm addımlar atılır.
Çıxışlarda statistikanın şəffaflıq, obyektivlik və etibarlılıq prinsiplərinə əsaslanmasının vacibliyi vurğulanıb, bu sahədə müasir informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətinə toxunulub. Bildirilib ki, dəqiq və dolğun statistik məlumatlar ölkənin sosial-iqtisadi inkişafının əsas təməlini təşkil edir və idarəetmənin səmərəliliyini artırır.
Natiqlər, həmçinin Salyan rayonunda əldə edilən sosial-iqtisadi nailiyyətlərdən, kənd təsərrüfatı və sənaye sahəsində müsbət göstəricilərdən danışıblar. Qeyd edilib ki, bu uğurlar dövlət proqramlarının ardıcıl icrası, Prezident İlham Əliyevin regionların inkişafına yönəlik siyasətinin nəticəsidir.