YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ortaq dəyərlərə söykənən strateji tərəfdaşlıq

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətləri qədim tarixi, mədəni və mənəvi köklərə dayanır. Bu əlaqələr ortaq türk kimliyinə, dil, din və mənəvi dəyərlərin birliyinə söykənir. Xalqlarımızı yüzillərdir birləşdirən bu bağlar bu gün iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin əsasını təşkil edir. Məhz bu təməl sayəsində Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimadla xarakterizə olunur.

Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci il tarixində “Kazinform” agentliyinə verdiyi müsahibə iki qardaş ölkənin əlaqələrinin dərinliyini və strateji əhəmiyyətini yenidən diqqət mərkəzinə çıxardı.

Müsahibə zamanı Azərbaycan və Qazaxıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə möhkəmlik və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayan Prezident İlham Əliyev ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mədəni ənənələr və mənəvi dəyərlərin əlaqələrimizin möhkəm təməlini formalaşdırdığını, xüsusilə ikitərəfli dialoqun, qarşılıqlı səfərlərin və konstruktiv müzakirələrin əməkdaşlığın inkişafında əsas rol oynadığını qeyd edib.

Son üç ildə yeddi dəfə Qazaxıstana səfər edən və hər səfərdə qardaş dövlətin dinamik inkişafını, həyata keçirilən məqsədyönlü islahatları müşahidə edən dövlət başçımız, həmçinin, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə Qazaxıstana təşəkkürünü ifadə edib və bu mərkəzin hazırda 100-ə yaxın uşaq üçün təhsil imkanı yaratdığını söyləyib.

Cari ildə Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik müqaviləsinin 20 ili tamam olur. Bu müddət ərzində qardaş dövlətlər arasında təqribən 170 sənəd imzalanaraq siyasi, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Bu baxımdan Ali Dövlətlərarası Şuranın fəaliyyətinin, eləcə də çoxtərəfli formatlarda, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyev iqtisadi sahədə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət və investisiyaların artmaqda davam etdiyini, 2024-cü ildə əmtəə dövriyyəsinin 470 milyon dollar, 2025-ci ilin yanvar-avqust aylarında isə bu göstəricinin 547 milyon dollara çatdığını bildirib. Bu, Orta Dəhlizin potensialından səmərəli istifadənin və nəqliyyat-logistika infrastrukturunun inkişafının nəticəsidir. Hazırda ölkələr arasında 250-yə yaxın kommersiya strukturu fəaliyyət göstərir.

Orta Dəhliz və nəqliyyat-logistika əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Bu baxımdan dövlət başçımız 2024-cü ildə tranzit daşımalarının əvvəlki illə müqayisədə 20 faiz artaraq 3,5 milyon tonu keçdiyini qeyd edib. 2022-ci ildə imzalanmış “2022–2027-ci illər üçün Yol Xəritəsi” üç ölkənin – Türkiyə, Azərbaycan və Qazaxıstanın infrastrukturlarının sinxron inkişafını, əlavə yük axınının cəlb edilməsini və vahid tarif siyasətinin tətbiqini nəzərdə tutur.

Enerji sahəsində SOCAR və “KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı saziş imzalanıb. Bununla yanaşı, yaşıl enerji və bərpaolunan enerji mənbələrinin təşviqi ikitərəfli gündəlikdə mühüm yer tutur.

TDT çərçivəsində mədəni, humanitar və təhsil sahələrində əməkdaşlıq da davamlı xarakter daşıyır. Azərbaycan və Qazaxıstanda təşkil edilən Mədəniyyət Günləri, beynəlxalq konfranslar, ədəbi gecələr və sərgilər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Prezident İlham Əliyev 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq gələn il bu qurultayın 100 illiyinin TDT çərçivəsində qeyd olunacağını vurğulayıb.

Prezident İlham Əliyev müsahibədə Xəzər dənizinin ekoloji problemlərinə də diqqət çəkib. Suyun səviyyəsinin sürətlə azalmasının həm ekoloji, həm də iqtisadi risklər yaratdığına diqqət çəkərək bütün Xəzəryanı ölkələrin birgə fəaliyyətinə çağırış edib.

Möhtərəm Prezidentimiz İlham Əliyevin müsahibəsi bir daha təsdiqləyir ki, Azərbaycan və Qazaxıstan münasibətləri yalnız diplomatik və iqtisadi çərçivədə deyil, həm də qardaşlıq və ortaq dəyərlər üzərində qurulub. İki ölkə birgə səyləri ilə güclü Türk birliyinin, dayanıqlı regionun və müasir gələcəyin qurucusu kimi çıxış edir.