Xəbərlər
Azərbaycan Çinin Cənubi Qafqazda aparıcı ticarət tərəfdaşıdır

Nigar Məmmədova
Milli Məclisin deputatı
Azərbaycanla Çin arasında münasibətlər hər zaman yükəsk səviyyədə olub. Dünyanın ən güclü dövlətlərindən biri olan Çin Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Prezident İlham Əliyevin bu ölkəyə baş tutan dövlət səfəri isə münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, bu səfər ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Hərtərəfli strateji tərəfdaşlıq dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanır və bu tərəfdaşlıq davamlı, uzunmüddətli xarakter daşıyır. Rəsmi görüşlərdə də bəyan olundu ki, Bakı və Pekin bir-birini etibarlı tərəfdaş kimi qəbul edir. Yeni imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da da qeyd olunur ki, dövlət başçıları hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq ediblər. Ölkələrimiz qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə hazır olduqlarını bəyan ediblər. Hərtərəfli strateji tərəfdaşlıq həm dər iki ölkənin xalqlarının mənafeyinə hesablanıb.
Məlum olduğu kimi, iki ölkə arasında diplomatik münsibətlər 33 ildir qurulub. Ötən il ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə də qeyd olunub ki, strateji tərəfdaşlıq bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Təbii ki, strateji tərəfdaşlıq diplomatik münasibətlərdə ən yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və bu, qarşılıqlı dəstəyə əsaslanır. İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Bakı və Pekin bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Çin eyni zamanda Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyinə də dəstək ifadə edib, qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.
Bu gün ikitərəfli münasibətlərin xarakterinə diqqət yetirdikdə aydın görünür ki, Azərbaycan və Çin müasir dünya nizamı və dünyada gedən proseslərə ortaq mövqedən baxır. Hər iki ölkə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normaların qorunmasına səy göstərir, diktə dilində danışmağa, güc siyasətinə qarşı çıxır. Bakı və Pekin ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinə tərəfdardır.
Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi də əsas hədəflərdən biridir. Eyni zamanda investisiya əməkdaşlığı üzrə işçi qrupun yaradılması da tərəflər üçün vacib əhəmiyyət kəsb edir. Məlum olduğukimi, Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, Azərbaycan isə hazırda Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.
Tərəflər həmçinin “Kəmər və yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar. Yeri gəlmişkən, Azərbaycanın Çin ilə Orta Dəhliz üzrə əməkdaşlıq imkanları da genişdir. Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib. Orta dəhliz vasitəsilə ticarət əlaqələrinin genişlənməsi, Azərbaycana regional və beynəlxalq ticarət yollarında mərkəzi mövqe qazandıra bilər. Bu, iqtisadiyyatın diversifikasiyasına və ticarət həcminin artırılmasına kömək edəcək.
Çin, həmçinin BMT-nin iqlim konfransı - COP29-un uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir. Yeni imzalanan Birgə Bəyanatda rəsmi Pekin “Bakı COP”un nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə, dönüş nöqtəsi kimi qiymətləndirir. Xatırlatmaq yerinə düşər ki, Çin nümayəndə heyəti COP29-da ən fəal iştirakçılardan biri idi və dövlətimizin başçısı Sinxua agentliyinə verdiyi müsahibədə bu məqamı bir daha vurğuladı.
2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya şəhərsalma forumu, həmçinin ölkəmizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyi də Pekin tərəfindən dəstəklənir. Azərbaycanın Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf istiqamətində fəaliyyəti Çində də yüksək qiymətləndirilir.
Ümumiyyətlə, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Bu səfər bir daha Azərbaycan Prezidentinin beynəlxalq arenada fəaliyyəti, Azərbaycanın dünyada yerinin və rolunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi siyasətin növbəti uğuru kimi qiymətləndirilir.