Xəbərlər
Çin-Azərbaycan münasibətləri: ortaq maraqlar və perspektivlər

Anar Məmmədov
Milli Məclisin deputatı
Çin Xalq Respublikası ilə Azərbaycan arasında çağdaş dövrdə isə siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə yüksək səviyyədə əməkdaşlıq əlaqələri formalaşıb. Müasir Azərbaycan-Çin münasibətlərinin tarixi 1991-ci ildən başlayır. Belə ki, Çin Xalq Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alıb. Bu ölkə Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri isə bugünkü münasibətlərin dayanıqlı təməlini qoymuşdur. Ulu Öndərin Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənmiş, əlaqələr sürətlə inkişaf mərhələsinə qədəm qoymuşdur.
Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. Şərq-Qərb qarşılıqlı əlaqələrində bağlayıcı həlqə kimi mühüm geostrateji əhəmiyyətə malik olan Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə hərətərəfli əlaqələr qurub və bu əlaqələr daim artan dinamika üzrə inkişaf etməkdədir. Qarşılıqlı inam, hörmət, etimad, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı dəstək kimi ikitərəfli münasibətlər əsasında qurulan bu tərəfdaşlıq hər iki ölkənin strateji maraqlarına uyğundur. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində bildirib. Dövlət başçısı Çin Xalq Respublikasının Sinxua agentliyinə müsahibəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə istinad edərək bildirib ki, bu sənədlə Azərbaycan və Çin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduqlarını təsdiq ediblər. Azərbaycan liderinin bu müsahibəsi ümumilikdə iki ölkə arasında əlaqələrin inkişafını, strateji tərəfdaşlığın əhəmiyyətini və gələcək perspektivlərini ətraflı şəkildə əks etdirir.
Azərbaycanla Çin arasında münasibətlər “Kəmər və yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Ticari-iqtisadi və tranzit-logistika layihələrinin reallaşdırılması ilə yanaşı, elm, texnika, texnologiya, rəqəmsallaşdırma, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi xarakterikdir. Bu baxımdan görünən odur ki, yaxın perspektivdə Azərbaycanla Çin arasında ticari-iqtisadi və logistika sahəsindəki əlaqələrlə yanaşı, adıçəkilən sahələrdə də səmərəli fəaliyyət intensivləşəcək.
Təbii ki, ikitərəfli münasibətlərdə iqtisadi məsələlər xüsusi yer tutur. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib və ölkəmizin ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya malikdir. İdxalda isə Çin 17,69 faizlə lider mövqedədir. Hazırda Azərbaycanda Çin kapitalı ilə yaradılmış 375 şirkət mövcuddur, onlardan 298-i aktiv fəaliyyət göstərir. Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və alternativ enerji sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində danışıqlar davam etdirilir.
Bütövlükdə, Azərbaycan ilə Çin arasında səmərəli əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibəsinin nəticəsi olaraq demək olar ki, ölkələr arasında əməkdaşlıq bütün sahələrdə bundan sonra daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.