YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlıqda yeni səhifə

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Cənubi Qafqazın geosiyasi mərkəzində yerləşən bir dövlət olaraq, Azərbaycan mürəkkəb və dəyişkən beynəlxalq şəraitdə öz milli maraqlarını qətiyyətlə qoruyur. Beynəlxalq münasibətlər sistemində fəal və balanslaşdırılmış mövqe tutan ölkəmiz, təkcə müdafiə xarakterli deyil, həm də strateji tərəfdaşlıqlara və çoxtərəfli əməkdaşlığa əsaslanan xarici siyasət yürüdür. Bu siyasətin ən parlaq nümunələrindən biri də Azərbaycan ilə Çin Xalq Respublikası arasında qurulan çoxşaxəli və etibarlı münasibətlərdir.

Azərbaycan beynəlxalq aləmdə öz səsini qətiyyətlə ucaldan, prinsipial mövqeyi ilə tanınan bir dövlətdir. Çin kimi qlobal güc ilə qarşılıqlı etimada əsaslanan münasibətlər, Azərbaycanın çoxqütblü dünya düzənində uğurla manevr etdiyini bir daha göstərir. Bu əməkdaşlıq təkcə regional deyil, Avrasiya miqyasında strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin 2025-ci il aprelin 22-də Çinə etdiyi dövlət səfəri bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən görüş və imzalanan sənədlər bir daha göstərdi ki, iki ölkə rəhbərliyi strateji tərəfdaşlığı daha da möhkəmləndirmək əzmindədir. Tarixi İpək Yolunun müasir formatda dirçəldilməsi prosesində Azərbaycan və Çin tərəfdaşlıq edir. “İpək Yolu İqtisadi Kəməri” çərçivəsində imzalanmış Anlaşma Memorandumu bu tərəfdaşlığın əsasını təşkil edir və çoxsaylı sahələr üzrə birgə layihələrə zəmin yaradır.

Azərbaycanın geostrateji mövqeyi və Çinin iqtisadi gücü birləşəndə bu əməkdaşlıq təkcə regional deyil, həm də qlobal miqyasda mühüm nəticələr verir. Enerji, nəqliyyat, kənd təsərrüfatı, maşınqayırma və digər sahələrdə həyata keçirilən birgə təşəbbüslər tərəflərin əlaqələrini daha da dərinləşdirib. İki ölkə arasında qarşılıqlı hörmətə və suverenliyə əsaslanan münasibətlər həm də beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyin göstəricisidir.

2024-cü ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanadakı Zirvə görüşündə imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqlədi. 2025-ci ilin aprelin 23-də Pekində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” isə bu əlaqələrin sistemli, davamlı və çoxşaxəli xarakter aldığını göstərdi.

İki ölkənin aparıcı siyasi partiyaları – Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında davamlı dialoq və təcrübə mübadiləsi bu münasibətlərin siyasi dayağını daha da möhkəmləndirir. Hökumətlərarası əməkdaşlıq mexanizmləri, parlamentlərarası əlaqələr və mütəmadi məsləhətləşmələr bu münasibətləri sistemli və praqmatik əsasda inkişaf etdirməyə imkan verir.

Azərbaycan və Çin COP29 çərçivəsində də bir-birini dəstəkləyərək iqlim dəyişmələri ilə mübarizədə birgə mövqe nümayiş etdirdilər. Çin tərəfi Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna da dəstək göstərərək bu əməkdaşlığı daha da genişləndirmək niyyətini ortaya qoydu. Maliyyə, ticarət və investisiya sahələrində milli valyutalarla əməliyyatların genişləndirilməsi, banklararası əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin maliyyələşdirilməsi yaxın gələcəkdə münasibətlərin daha da inkişaf edəcəyini göstərir.

Bütün bu amillər Azərbaycan-Çin əlaqələrinin yalnız iqtisadi deyil, eyni zamanda diplomatik, siyasi və sosial müstəvilərdə də dərinləşdiyini sübut edir. Qarşılıqlı hörmət, strateji baxış və ortaq gələcəyə inam bu əməkdaşlığın təməl prinsipləridir.