Xəbərlər
Yeni geosiyasi əməkdaşlıq modeli

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
2024-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu mühüm sənəd iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın strateji müstəviyə yüksəldiyini təsdiqləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibədə bir sıra mühüm siyasi və iqtisadi məqamlara toxunaraq ötən il Astanada imzalanmış Birgə Bəyannamənin əhəmiyyətini xüsusi olaraq qeyd edib. Dövlətimizin başçısı bildirib: “ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”.
Azərbaycan-Çin münasibətləri son illərdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində əldə olunan bu Bəyannamə tərəflər arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.
Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində imzalanan bu sənəd ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açmaqla yanaşı, “Kəmər və yol” təşəbbüsü çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur. Bəyannamədə neft və qaz, neft-kimya, yaşıl enerji, elektrik enerjisi, yüksək texnologiyalar, süni intellekt və kosmik sənaye kimi sahələrdə sərmayə və əməkdaşlığın inkişaf etdirilməsi xüsusi vurğulanır.
Bu mühüm sənəd, həmçinin Azərbaycanla Çin arasında qarşılıqlı maraqların və strateji əməkdaşlıq sahələrinin genişləndirilməsini hədəfləyir. Müxtəlif sahələrdə nəzərdə tutulan təşəbbüslər və layihələr iki ölkə arasında tərəfdaşlığı daha da dərinləşdirəcək və davamlı inkişafa təkan verəcəkdir.
Azərbaycan-Çin münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda regional və qlobal səviyyədə də strateji əhəmiyyət kəsb edir. Birgə Bəyannamə və “Kəmər və yol” təşəbbüsündə fəal iştirak bu əlaqələrin davamlı inkişafının əsas dayaqlarını təşkil edir.
Bu əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, humanitar və mədəniyyət müstəvisində də qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə zəmin yaradır. Qarşılıqlı səfərlər, təhsil və mədəniyyət layihələri iki xalq arasında dostluğun və anlaşmanın güclənməsinə xidmət edir. Əminliklə demək olar ki, gələcək illərdə bu tərəfdaşlıq yeni layihələrlə daha da möhkəmlənəcək və hər iki dövlət üçün qarşılıqlı faydalı nəticələr verəcəkdir.