Xəbərlər
Azərbaycan dili dünya dilləri arasında öz layiqli yerini tutub

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Milli varlığımızı təsdiqləyən, dərin köklərə malik xalqımızın tarixi kimi qədim olan Azərbaycan dilinin təkmilləşdirilməsini müasir türk xalqları ilə yaxınlaşmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılıq kimi dəyərləndirən, “Dil siyasətində sərhəd məhdudiyyəti yoxdur” söyləyən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, ana dilinin mənşəyinin öyrənilməsinə, formalaşmasına, inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb. “Xalqları dil qədər, milli-mənəvi ənənələr, dəyərlər qədər birləşdirən başqa vasitə yoxdur”, “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” söyləyən Ulu Öndər Heydər Əliyev
bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur.
Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımlar davamlılığı ilə diqqətdədir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan ölkə Prezidenti “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqlədi. Bu mühüm addım milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı Fərmanını da xüsusi qeyd etmək istərdik. Burada ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapıb. Sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Ümummilli Lider Heydər Əliyev daim belə bir çağırışı səsləndirirdi ki, biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.