Xəbərlər
Dərin köklərə söykənən dostluq

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Xarici siyasətimizin əsas istiqamətlərindən olan ikitərəfli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Qarşılıqlı səfərlər əsasında bu əlaqələr daha da möhkəmlənir. Azərbaycan xarici siyasətində qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri mühüm məqamlarla, çağırışlarla yadda qaldı.
Ümumilikdə son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Cənab İlham Əliyev daim çıxışlarında, həmçinin qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərdə bu reallığı xüsusi qeyd edir ki, Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur. Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Gürcüstan rəsmiləri də vurğulayırlar ki, ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır.
Xatırladaq ki, 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bu illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. İki qardaş ölkənin münasibətlərinin inkişafında Heydər Əliyev-Eduard Şevardnadze dostluğunun böyük rolu olub. Hazırda davamçıları onların yolunu uğurla davam etdirir.
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində tərəflər səylər göstərir. İki ölkənin münasibətlərinin çox aydın perspektivləri var. Səsləndirilən fikirlər sırasında bu mühüm məqam xüsusi qeyd edilir ki, Azərbaycanla Gürcüstanın çağırışları da, problemləri də eynidir. Hədəflərə yüksək səviyyədə nail olunmağın əsasında iki qardaş ölkənin dostluğu, qardaşlığı dayanır. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili bu çağırışı etdi: “Əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir. Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir”.
Bütün bunların fonunda onu deyə bilərik ki, Azərbaycan-Gürcüstan əlaqələrinin gələcək inkişafına yönələn zəngin gündəlik var. Hər iki dost ölkə əməkdaşlığın daha da möhkəmlənməsində, yeni sahələr üzrə inkişafında maraqlıdır və bunu real addımları ilə təsdiqləyirlər. Cənab İlham Əliyev “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq” söyləyərək belə bir əminliyi də ifadə etdi ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.