Xəbərlər
Göygöldə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Təhsil sektoru ərazi partiya təşkilatında (ƏPT) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir zamanı ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. O qeyd edib ki, müasir Azərbaycan tarixində mühüm hadisə hesab edilən bu addım 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və milli dövlətçiliyimizin möhkəm təməl üzərində qurulmasına dərin ehtiramın ifadəsidir.
Tədbirdə Təhsil sektoru ərazi partiya təşkilatının sədr müavini Zülfiyyə Kamalova hesabat məruzəsi ilə çıxış edib. Tədbir iştirakçılarından Azaddin Ələsgərov, Məcid Məmmədov və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövründə əldə etdiyi qələbələrdən, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışlar. Vurğulanıb ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir.
Sonra təşkilati məsələyə baxılıb, Elnur Qasımov ərazi partiya təşkilatının sədri, Zülfiyyə Kamalova isə sədr müavini seçilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsləri təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda Göygöl rayonunun ictimai-siyasi həyatında fərqlənən və eyni zamanda yubiley yaşları tamam olan partiya veteranları Azadxan Haqverdiyev, Azaddin Ələsgərov və ƏPT sədri Məcid Məmmədov Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.