Xəbərlər
Yeni dünya nizamı və Azərbaycan: prioritetlər, strateji hədəflər və perspektivlər

Emin Şıxəliyev
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru
Məlum olduğu kimi, 9 aprel 2025-ci ildə ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib. Çox sayda beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin qatıldığı forumda ölkə başçımız öz çıxışında Yeni Dünya Nizamında bu nizamı təyin edən qlobal aktorlarla Azərbaycan arasındakı münasibətlərdən, son illərdə əldə olunan uğurlardan, gələcək perspektivlərdən söhbət açıb, yeni geosiyasi reallıqlardan, Azərbaycanın qlobal arenaya çıxış imkanını təmin etməsindən bəhs edib, amma regionda geniş imkanlar üçün şəraitin olmasına baxmayaraq, müxtəlif maneələrin mövcudluğuna da toxunaraq, xüsusilə Ermənistanın revanşist mövqe yeritməsi və bu istiqamətdə bəzi dövlətlərin Ermənistana, revanşist güclərə dəstəyindən narazılığını dilə gətirib. Burada toxunulan məsələləri təhlil etməzdən əvvəl, istərdik, beynəlxalq forumun həsr olunduğu mövzuya qısa da olsa, nəzər salaq.
Əvvəla, beynəlxalq forumun adı və həsr olunduğu mövzu olduqca diqqət çəkir, hər kəsi maraqlandırır. Heç təsadüfi deyildir ki, “Yeni Dünya Nizamı”, onun mahiyyəti, pərdəarxası məqamları, bəşəriyyətə etdiyi vədlər, bu nizamda dünya dövlətlərinin yerinin necə olacağı ilə bağlı məsələlər son dövrlərdə elmi dairələrdə daha çox müzakirə olunan mövzulara çevrilib. Ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin, politoloqların, analitiklərin, elm adamlarının “Yeni Dünya Nizamı” haqqında müxtəlif fikirlər səsləndirməsi istər-istəməz bu məsələnin son dərəcə ciddi olduğundan xəbər verir. Ümumiyyətlə, ixtisasından və tutduğu vəzifədən asılı olmayaraq, hər kəsin “Yeni Dünya Nizamı” haqqında özünəməxsus düşüncələri vardır. Amma bir məsələ aydındır ki, dünyada qəti söz sahibi olan dövlət yoxdur və Dünya Nizamının formalaşmasında heç bir dövlət təkbaşına dünya nizamı yaratmaq üçün kifayət qədər güclü olmayıb. Meydanda geosiyasi nüfuza və gücə malik olan aktorlar var və hər biri öz maraqlarını diqtə etməkdən çəkinmir. Ziddiyyətlərlə dolu dünyanın belə bir geosiyasi xəritəsində böyük güclər öz aralarında çəkişərkən Dünya Nizamı haqqında nikbin fikir söyləmək qeyri-mümkün görünür. Qərb siyasi və analitik leksikonunda dəbdə olan “New World Order” ifadəsi reallığa nə dərəcədə uyğundur?
Özlərini demokratik hesab edən ölkələr hüququn aliliyinə, suverenliyə hörmətə və ərazi bütövlüyünün təmininə əsaslanan beynəlxalq sistem yaratmış, insan hüquqları müdafiə edilməli olan dəyər kimi qəbul edilmişdir. Lakin kağız üzərində liberal dəyərlərə və prinsiplərə əsaslanan müddəalar yer alsa da, bu qaydalara əməl edilməmişdir. Tarixən ərazi bütövlüyünün təmininə və hüququn aliliyinə əsaslanan beynəlxalq sistem yaradılsa da, insan hüquqları müdafiə edilməli olan prinsiplər kimi qəbul edilsə də, Böyük Güclərin addımları heç vaxt liberal dəyərlərə uyğun olmayıb, əksinə, dövlətlərin ərazi bütövlüyü kobud surətdə pozulub və milyonlarla insan məhv olub. Özlərinin geosiyasi, geostrateji və geoiqtisadi maraqlarını tam və təhlükəsiz təmin etmək, dünyanın zəngin enerji ehtiyatlarına, geostrateji bölgələrə sahib olmaq və onları nəzarətdə saxlamaq məqsədilə bir tərəfdə ABŞ, digər tərəfdə də Avropa ölkələri, Rusiya, Çin, Yaponiya, Hindistan və başqa fəal ölkələr yeni-yeni geostrateji layihələr tərtib edir, planlar cızır və ittifaqlar yaradaraq mübarizə aparırlar. Böyük dövlətlərin dünya nizamından danışarkən qeyd etmək lazımdır ki, dövlətlər arasındakı ali hegemonluq mübarizəsi yeni bir anlayış deyildir. Tarixin müəyyən dövrlərində güclü dövlətlərin müəyyənləşdirdiyi böyük siyasətlərlə geosiyasi maraqlar hər dəfə ön planda tutulmuş, dünya güc mərkəzləri arasında bölüşdürülməyə çalışılmış, yeni sərhədlər cızılmışdır. Beynəlxalq münasibətləri tənzimləyən sistem olmadığına görə, maraqlar yenidən toqquşmuş, hər bir dövlət öz üstünlüyünü nümayiş etdirməyə çalışmışdır.
Göründüyü kimi, tarixən öz geosiyasi, geostrateji və geoiqtisadi maraqlarını ön planda tutaraq zəngin enerji ehtiyatlarına, geostrateji bölgələrə sahib olmaq və onları nəzarətdə saxlamaq məqsədilə böyük güclər arasında bəşəriyyət üçün ağır fəlakətlərə səbəb olan rəqabətlər olmuş, böyük çəkişmələr nəticəsində çox sayda ölkələr məhv edilmiş, onların iqtisadiyyatına ağır zərbələr vurulmuş, əksəriyyəti ümumiyyətlə, yer üzündən və dünyanın siyasi xəritəsindən silinmiş, milyonlarla insan həlak olmuşdur.
Günümüzdə də vəziyyət əvvəlkindən heç də fərqli deyil, əksinə, daha şiddətli və daha təhlükəlidir. Bu baxımdan tarixin təkərrür etdiyi bir dövrdə, yəni geosiyasi maraqların toqquşduğu müasir dövrdə Dünya Nizamı haqqında nikbin fikir söyləmək həqiqətən də qeyri-mümkündür.
Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, tarixən dövlətlər arasında sülhü qorumağı rəhbər tutan dünya nizamları geosiyasət qarşısında həmişə məğlubiyyətə düçar olmuşlar. Çünki böyük güclərin bu istiqamətdə atdıqları addımlar liberal dəyərlərə uyğun olmayıb, əksinə, ölkələrin daxili işlərinə qarışılıb, insan haqları və dövlətlərin ərazi bütövlüyü kobud surətdə pozulub. Dünyanın bir çox ölkəsində ajitasiyaların, oyunların, iğtişaşların və müharibələrin sonu görünmür. Eyni vəziyyəti Cənubi Qafqazda da müşahidə etmək mümkündür. Heç təsadüfi deyildir ki, 5 il öncəsinə qədər Azərbaycanın ərazi bütövlüyü pozulmuş, Ermənistan kimi bir dövlət bilavasitə özünü liberal və demokratik adlandıran böyük dövlətlərin aktiv dəstəyi və iştirakı ilə özündən qat-qat güclü olan Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdi. Hər nə qədər Azərbaycan 2020-ci ilin sentyabr ayında işğal altında olan torpaqlarını məhz özü xilas etsə də, ikili standartlar siyasəti bu gün də müşahidə olunur.
Dünya siyasətindəki real vəziyyəti təhlil edərkən belə bir məqam ortaya çıxır: hansısa davranış supergüclərin xeyrinədirsə, onun beynəlxalq hüquqa uyğun olub-olmaması arxa plana keçir və həmin güclər özlərinə sərf edən müvafiq addımı atırlar. Yəni böyük güclər özlərini “istisna faktor” kimi görürlər. Təbii ki, belə yanaşma davam etdikcə, liberal dünya nizamından bəhs etmək mümkün görünmür. Məsələ burasındadır ki, reallıqda dünya nizamını beynəlxalq hüquq və institutlar deyil, əsas geosiyasi oyunçuların güc potensiallarının nisbəti müəyyənləşdirir.
Bu kimi ssenarilər və ikili standartlar çərçivəsində belə bir nəticə hasil olur ki, BMT Təhlkəsizlik Şurası münaqişələrin həllindən özünü uzaqlaşdırıb. Həqiqətən də BMT TŞ-nin daimi üzvlərinin başı dünya liderliyi uğrunda amansız mübarizəyə qarışıb ki, bir sıra hallarda bu rəqabət və yarış beynəlxalq hüququn bütün çərçivələrini aşaraq, əsl savaş məzmunu kəsb edir. Bu dövlətlər beynəlxalq hüquqa əməl etməkdə başqalarına nümunə olmaq əvəzinə, özləri onu pozurlar. Məhz bunun nəticəsidir ki, bəzi dövlətlər dünyanın bir çox bölgəsində sabitliyi pozmaqda, revanşist güclərə dəstək verməkdə və onları silahlandırmaqdadırlar.
Məhz bu baxımdan beynəlxalq forumda toxunulan məsələlər olduqca diqqətəşayandır. Bəli, cənab Prezident forumda Azərbaycanın Avropa, Mərkəzi Asiya, Yaxın Şərq ölkələri ilə əlaqələri, dünyanın bu üç hissəsini bir araya gətirmək üçün oynadığı rola diqqət çəkib, Azərbaycan-ABŞ münasibətlərinə geniş yer verib, onun gələcək perspektivlərindən söz açıb, Azərbaycanın Afrika ölkələri ilə əlaqələri, Qoşulmama Hərəkatında fəaliyyəti ilə bağlı məsələlərə nəzər salıb, Azərbaycan-İran əlaqələrindən, Azərbaycan-Çin münasibətlərindən, bir sıra Qərb dövlətlərinin anti-Azərbaycan fəaliyyətindən və s. məsələlərdən bəhs edib.
Ölkə başçısı Ermənistanın revanşist mövqe yeritməsi ilə bağlı məsələlərə də geniş şəkildə toxunub, Ermənistandakı revanşistləri 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər olmaqla iki qrupa bölüb. Prezident bu məsələyə toxunmaqla ermənilərdə formalaşmış həm travmanı, həm də nifrət psixologiyasının iç üzünü açdı. Cənab Prezident xüsusilə revanşist tendensiyalardan bəhs edərkən, onun regionda sabitlik üçün ciddi təhlükələr yaratdığına da diqqət çəkib. Amma bütün bunlarla yanaşı, ölkə başçısı Azərbaycanın da mövqeyini açıq şəkildə ortaya qoyub: “Biz 30 illik işğalı unutmamalıyıq. Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır. Biz tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu, onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik”.
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin sülhə, qarşılıqlı əməkdaşlığa əsaslanan siyasətində regional aktorlarla müttəfiqlərimiz və dostlarımız arasında olan münasibətlərin yaxşılaşmasında və inkişaf etməsində mühüm vasitəçilik rolu oynayıb və oynayır. Azərbaycanın bundan sonrakı mərhələdə də eyni mövqedən çıxış edəcəyinə dair bəyanlar da Prezidentin vurğuladığı məsələlər içərisində idi.
Beynəlxalq forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev türk dövlətləri arasındakı münasibətlərin güclənməsində təşəbbüskar dövlət olaraq Azərbaycanın oynadığı rola dair və Türk Dövlətləri Təşkilatı bağlı öz baxışlarını da açıqladı: “Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur... Biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur. Təşkilat etnik köklərə əsaslanır. Bir çox təşkilatları tanıyırıq. Onlarla müqayisə etmək istəmirəm. Lakin Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır. Biz həmin dəyərlərlə bölüşürük. Yenə də müqayisə etməmək çətindir. Üzrlü hesab edin, lakin bunu edəcəyəm. Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər Cənubu və Şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar görürük. Belə bir hal Türk Dövlətləri Təşkilatında varmı? Yox. Bizdə yoxdur. Bu, bizi unikal edir. Bəs onda nə çatışmır? Bizim güclü beynəlxalq fəaliyyətimiz. Bu, kifayət deyil və biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik. Bu halda yenə də coğrafiya, əhali nəzərə alınmalıdır. Hələ hərbi imkanları buraya əlavə etsək, hər şey aydın olar. Yaxşı məlumdur ki, Türkiyə Ordusu Avropada ən güclü ordudur. Azərbaycan da öz hərbi imkanlarını nümayiş etdirdi. Beləliklə, bunları əlavə etsək, biz həqiqətən qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə bilərik. Xüsusən də bəzi təşkilatları, daxili mübahisələri, inamsızlığı və qarşılıqlı etimadın çatışmamasını görəndə hər bir şey aydın olur. Mən Avropa İttifaqını xatırlatdım. Mən, həmçinin NATO-nu qeyd edə bilərəm. Hamımız bilirik ki, hazırda NATO-nun bəzi üzv ölkələri 5-ci maddə haqqında düşünür. Bunun nəzərə alınacağı ehtimalına gəldikdə, NATO daxilində müəyyən inamsızlıq var və bu, qlobal səviyyədə hələ ən güclü beynəlxalq təşkilatlardan biridir. Buna görə biz daha fəal olmalıyıq. Bəlkə uyğun söz deyil, lakin biz boşluğu doldurmalıyıq, ən azı Avrasiyanın nəhəng sahəsində qərarların qəbul edilməsi mərkəzinə çevrilməliyik”.
Bütövlükdə cənab Prezidentin Beynəlxalq Forumda səsləndirdiyi fikir və yanaşmalar Dünya nizamının gələcəyini və bu nizamda Azərbaycanın yerinin də rolunun necə müəyyənləşəcəyinə həsr edilmiş konseptual fikirlər idi. Yeni geosiyasi reallıqlar çərçivəsində aydın olur ki, Azərbaycan Yeni Dünya Nizamında özünəməxsus yeri tutur və beynəlxalq münasibətlərin kifayət qədər nüfuzlu aktorudur.