Xəbərlər
Zərifə xanım Əliyeva tibb elminin inkişafına misilsiz töhfələr verib

Mahir Süleymanlı
Milli Məclisin deputatı
15 aprel tarixi Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr vermiş, yüksək insani keyfiyyətləri ilə seçilən görkəmli oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlmişdir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1949-cu ildən isə Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi fəaliyyətə başlamışdır. Alim və praktik həkim kimi fəaliyyəti boyunca Zərifə xanım səhiyyə sahəsində bir sıra mühüm istiqamətlərdə elmi yeniliklərə imza atmışdır.
XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma infeksiyasına qarşı apardığı sistemli mübarizə nəticəsində bu xəstəliyin qarşısının alınması Zərifə xanımın adı ilə bağlıdır. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası və sonradan müdafiə etdiyi doktorluq işi, eləcə də kimya sənayesi işçilərinin görmə orqanı ilə bağlı apardığı genişmiqyaslı tədqiqatlar, Onun oftalmologiya sahəsində dərin bilik və araşdırma bacarığını bir daha təsdiqləmişdir.
Zərifə xanımın rəhbərliyi və elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etmiş, burada professor və Oftalmologiya kafedrasının müdiri kimi çalışmışdır. O, həmçinin “Terapevtik oftalmologiya” kimi fundamental elmi əsərlərin həmmüəllifi olmuş, 150-dən çox elmi işə, 12 monoqrafiyaya, ixtira və səmərələşdirici təkliflərə müəlliflik etmişdir.
1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində tədqiqatlarına görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülməsi Zərifə Əliyevanın elmi nailiyyətlərinə verilən yüksək qiymətin bariz nümunəsidir. 1983-cü ildə Zərifə xanım Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətlə yanaşı, böyük ictimai işlərdə də fəallıq göstərmiş, beynəlxalq və yerli elmi cəmiyyətlərin üzvü olmuş, maarifləndirmə sahəsində yorulmaz səylər göstərmişdir. Onun qələmə aldığı “Yüksək etimad” kitabı gənc həkimlərin mənəvi-məsləki formalaşmasında mühüm rol oynamışdır.
Sadəliyi, insanlara göstərdiyi həssas münasibət, fədakarlığı və yüksək vətəndaşlıq məsuliyyəti ilə Zərifə xanım Azərbaycan ziyalısının parlaq simasına çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.
Akademik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmiş, 1994-cü ildə Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun 100 illik yubileyi 2023-cü ildə dövlət səviyyəsində qeyd olunmuş, bu münasibətlə bir sıra tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında qeyd etmişdir: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”.
Ömrünü tibb elminə və insan sağlamlığına həsr edən Zərifə Əliyevanın xatirəsi daim dərin ehtiramla anılır. Onun elmi irsi oftalmologiyanın inkişafına mühüm töhfələr verib, praktik səhiyyədə geniş tətbiq olunub. Zərifə xanımın yüksək insani dəyərləri və əxlaqi mövqeyi bu gün də gənc nəslə nümunədir.