Xəbərlər
Zərifə xanım Əliyeva: Azərbaycan tibb elminin işıqlı siması

Ramid Namazov
Milli Məclisin deputatı
Aprelin 15-i dünya şöhrətli alim, akademik, Əməkdar elm xadimi, Elmlər Akademiyasının həqiqi üzvü, Ulu Öndərimiz Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə Əliyevanın zəngin irsi, tibb üzrə apardığı zəngin tədqiqatlar, müəllifi olduğu fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. O, zəngin və nurlu fəaliyyəti ilə Azərbaycan xalqının qəlbində əbədi yer qazanıbdır.
Zərifə Əziz qızı Əliyeva 1923-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olaraq 1947-ci ildə bu təhsil müəssisəsini əla qiymətlərlə bitirmişdir. 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım 1950-ci ildə aspiranturaya daxil olmuş, 1960‒1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq həkim və alim kimi tibbin inkişafına dəyərli töhfələrini vermişdir. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası zəngin elmi araşdırmalarına görə, ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
Zərifə xanımın tibb elminə gətirdiyi ən böyük uğur və yeniliklərdən biri traxoma infeksion xəstəliyinin müalicəsi olmuşdur. Ötən əsrin ortalarında gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma xəstəliyinin geniş yayılması Azərbaycanda infeksiya səviyyəsinə yüksəlmiş, alimlər bu infeksiya ilə mübarizədə ciddi çətinliklərlə üzləmişdilər. Zərifə xanım həmin dövrdə Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirmiş, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdıraraq və sanballı elmi kəşfləri sayəsində traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaratmışdı. Məhz onun əməyi sayəsində, qısa bir vaxtda təhlükə törədən bu ağır infeksion xəstəliyin kökünü kəsmək mümkün olmuşdu. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası Azərbaycan tibbi elminə ən sanballı tədqiqat əsəri kimi yazılıb.
Zərifə xamımın şəfqətli əlləri ilə yanaşı, mərhəmətli geniş qəlbi, xeyirxahlıqdan yoğrulmuş xarakteri o dövrdə insanlara inanılmaz qayğının artmasına səbəb olmuşdu. O, çalışdığı institutda yorulmaz fəaliyyətini davam etdirməklə yanaşı, insanlara işıqlı həyat bəxş edirdi. Xüsusilə də, Zərifə xanımın hüdudsuz qayğısı sayəsində uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısı tamamilə alınmışdı.
Zərifə Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunduqdan sonra bu elm ocağında böyük canlanma yaranmışdır. Göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarına cəlb edilmiş dinləyici həkimlər onun dərin elmi-tibbi zəkasından yararlanmışlar.
Zərifə Əliyevanın Azərbaycan və sovet tibb elminə gətirdiyi yeniliklərdən biri də qlaukoma xəstəliyinin öyrənilməsi sahəsindəki zəngin tədqiqatlarıdır. Məhz həmin tədqiqat işlərinə istinad sayəsində bu sahənin peşəkar həkimlər ordusu formalaşmışdır.
Zərifə xanım “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda elmi işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində ‒ H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edərək 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır.
O, 1979-cu ildə respublikanın ən iri sənaye müəssisələrindən birində ‒ Bakı Məişət Kondisionerləri zavodunda görmə orqanlarının peşəkar patalogiyasını öyrənən göz laboratoriyasının yaradılmasının təşəbbüskarı, təşkilatçısı və rəhbəri olmuşdur. Bu laboratoriyanın xidmətindən yalnız zavodun deyil, rayonun ərazisindəki bütün sənaye müəssisələrinin işçiləri, eləcə də Moskva, Kiyev, Minsk və digər iri şəhərlərin elmi-tədqiqat institutları faydalanırdı.
Zərifə Əliyeva - Azərbaycanda oftalmologiya elminin inkişafında qiymətli əsərlərin müəllifi kimi yüksək ad qazanmış, bir neçə monoqrafiyası, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyaları təkcə oftalmoloqlar yox, həm də fizioloqlar üçün dəyərli elmi məxəzə çevrilmişdi. Müəllifi olduğu fundamental “Terapevtik oftalmologiya” nəşri hər bir oftalmoloq üçün stolüstü kitabdır. “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Ümumilikdə, Zərifə xanım 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, bir ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.
Zərifə Əliyeva 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə ‒ görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, oftalmologiya aləmində ən yüksək mükafata ‒ SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. O, bu mükafatla təltif edilmiş ilk qadındır.
Görkəmli oftalmoloq, akademik A.Nesterov deyirdi ki, Zərifə Əliyeva çox ağıllı insan və böyük peşəkar idi. “Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü”.
Zərifə xanım çoxillik elmi-tədqiqat işlərinə görə,1983-cü ildə Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə sərf etdiyi gərgin əmək böyük fayda gətirmiş, cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun əziz xatirəsi Azərbaycanla yanaşı, keçmiş ittifaq respublikalarında əbədi yaşayır. Ona olan böyük hörmətin və etimadın nümunəsi kimi Ukraynanın İrpen şəhərində Zərifə xanımın adına istirahət parkı və büstü ucaldılmışdır.
Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətləri olan Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü 2023-cü ildə böyük təntənə ilə qeyd edilmişdir.
Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı dostu, sirdaşı, etibarlı sipəri idi, milli-mənəvi dəyərlərin qorunmasında, ənənələrimizin yaşadılmasında ona arxa-dayaq olurdu. Heydər Əliyev onunla bağlı xatirələrində qeyd edirdi ki, Zərifə xanımla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. “O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi... Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Zərifə xanım qayğıkeş və dərin məhəbbətlə sevilən Anadır. Onun böyütdüyü layiqli və vətənini öz anası kimi məhəbbətlə sevən övladı Prezident İlham Əliyev Azərbaycanın işıqlı gələcəyi üçün yorulmadan çalışır. Cənab Prezidentin Zərifə xanım haqqında xatirələri tükənməzdir, bu sözləri isə heç vaxt unudulmayacaq dəyərli fikirlərdir: “Mənim anam bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.