Xəbərlər
Azərbaycan-Almaniya əlaqələri yaxın tərəfdaşlığa çevrilir

Eldar İbrahimov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri
Son vaxtlar ölkəmiz qonaqlı qaralıdır. Bir sıra ölkələrin hökumət və dövlət başçıları Azərbaycana rəsmi səfərlərə gəlirlər. Bu da təsadüfi deyil. Hər bir dövlət, beynəlxalq təşkilat inamlı və qətiyyətli mövqeyi və fəaliyyəti ilə seçilən, tanınan ölkələrlə əməkdaşlıq əlaqələri qurmaq da maraqlıdır ki, onlardan bir də Azərbaycandır. Ölkəmizin iqtisadi, sosial, siyasi və hərbi çəhətdən inkişaf edən azad, demokratik dövlətlərdən olması dünya dövlətlərinin marağını özünə çəlb edib. Xüsusi ilə də, enerji sahəsində Azərbaycanın əhəmiyyətli gücə və imkana malik olması bir sıra ölkələrin, xüsusilə də, Avropa dövlətlərini ölkəmizlə əməkdaşlığın genişləndilməsinə sövq edib. Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri iki ölkənin milli maraqlarının təmin olunması baxımından əhəmiyyətli rol oynadı. Nəzərə almaq lazımdır ki, hər iki ölkənin xalqları arasında dərin tarixi köklərə malik əlaqələr mövcuddur. 1876-1880-ci illərdə Almaniyadan insanlar Azərbaycanın Gəncə, Şəmkir bölgəsinə gələrək, burada məskunlaşıblar. Təxminən 50-yə yaxın alman ailəsi yaşadıqları ərazilərdə yerli əhali ilə qaynayıb, qarışıb, yaxın münasibətlər qurublar. Onlar müxtəlif iqtisadi, sosial sahələrin inkişafında fəallıqları ilə seçiliblər. Azərbaycanda ilk alman koloniyası indiki Göygöl yaxınlığındakı Xanarxlar kəndində salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir ərazisində Annenfeld adlı ikinci koloniya yaradılıb. Saylarının artması səbəbindən Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni koloniyalar yaradıblar. Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında, alman koloniyaçılarının, xüsusilə də “Forel qardaşları”nın müstəsna xidmətləri olub. Alman qardaşları Xristofer Forer və Xristian Hummelin xidmətləri sayəsində Azərbaycan şərabları dünyada geniş yayılıb. 1892-ci ildə “Forer qardaşları” Helenendorfda Azərbaycanda ilk dəfə iki spirtçəkmə aparatı olan konyak zavodu tikiblər. “Forer qardaşları”nın istehsal etdikləri şərablar və konyaklar 1914-cü ilədək dünyanın 81 ölkəsində keçirilən beynəlxalq sərgi və dequstasiyalarda 39 dəfə qızıl, gümüş medallara layiq görülüb. , İkinci dünya müharibəsi dönəmində müharibə zonasında əsir düşən və ya könüllü şəkil də təslim olan almanların on min nəfəri Azərbaycana gətirilərək Mingəçevir şəhəri yaxınlığında yerləşdiriliblər. Onlar üçün evlər, özlərinin mədəniyyət ocaqları inşa edilib. Alman əsirlər Azərbaycanda bir sıra tikinti işlərinin qurulmasında yaxından iştirak ediblər. Həyatlarını itirən alman hərbiçilər şəhərin yaxınlığındakı məzarlıqda dəfn olunublar. Hazırda Mingəçevir şəhərinin mərkəzinə yaxın yerdə yerləşən alman qəbirstanlığında 827 məzar və xatirə abidəsi yer alır. Səliqə ilə sıralanmış qəbirlərin hamısı elə alman hərbiçiləri tərəfindən qazılıb. Bu gün Avropadan Mingəçevirə səfər edən turistlərin ilk ziyarət etdikləri məkan alman hərbiçilərin dəfn olunduqları məzarlıdır. Sonralar ailələrinə qayıdan bəzi alman hərbiçilərindən turist olaraq Mingəçevirə qayıdıb, əsirlik həyatı yaşadıqları yerləri ziyarət edənlər olub. Villi Deş adlı keçmiş alman hərbiçi Mingəçevir şəhərində yaşadıqlarını qələmə alaraq kitab şəkilində Almaniyada oxuculara təqdim edilib.
Tarixi əlaqələrin yeni uğurları
Son illər Azərbaycan ilə Almaniya arasında bütün sahələri əhatə edən əməkdaşlıq əlaqələri qurulub. Məhz əlaqələrin inkişaf etdirilməsinin nəticəsidir ki, hazırda Azərbaycanda 100-ə yaxın alman şirkəti fəaliyyət göstərir. Bunlardan “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350-400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. 12 noyabr 2012-ci ildə Almaniyanın Cənubi Qafqazda yeganə Xarici Ticarət Palatası Bakıda yaradılıb. Bu, Almaniyanın Azərbaycanla iqtisadi əməkdaşlığa olan marağının xüsusi önəm daşıdığını təsdiqləyir. Bundan əlavə, Azərbaycan Almaniyanın ən mühüm 10 xam neft tədarükçüsündən biridir. Almaniyanın Azərbaycana ixrac etdiyi məhsullar sırasına maşınlar, motorlu nəqliyyat vasitələri və komponentləri, dəmir-polad məmulatları, sənaye avadanlıqları daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. İqtisadi sahədə əsasən Azərbaycanın enerji təhlükəsizliyi sahəsində sürətlə artan potensialı üzərindən formalaşan əməkdaşlıq isə digər istiqamətlərlə yanaşı dinamik inkişaf tendensiyası üzərində inkişaf edir.
Müsbət məqam ondan ibarətdir ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra, Avropa ölkələri arasında ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən bir də Almaniya oldu. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər isə 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyi, 22 sentyabr 1992-ci ildə isə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik əlaqələrin qurulmasından sonra Azərbaycan və Almaniya arasında münasibətlər mütəmadi olaraq inkişaf edib. İndiyə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına 17 dəfə rəsmi və işgüzar səfər edib. İki ölkə arasında 77 sənəd imzalanıb. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupu Azərbaycanı da əhatə edir. Azərbaycan Respublikası Milli Məclisi sədrinin Almaniyaya 2 səfəri həyata keçirilmişdir. 18.07.2022-xi il tarixində Almaniya Bundestaqının vitse-prezidenti K. Göring-Ekart Azərbaycana səfəri olmuşdur. 2022-ci ilin fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub.
Ötən müddət ərzində Almaniya və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində uğurla əməkdaşlıq ediblər. Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır. Azərbaycanda Goethe-Zentrum və Alman Arxeologiya İnstitutunun (DAI) ofisi fəaliyyət göstərir. Alman dili məktəblərdə və universitetlərdə geniş şəkildə tədris olunur, ingilis və rus dillərindən sonra ən çox öyrənilən xarici dildir. Bundan əlavə, Sumqayıt və Lüdviqshafen, eləcə də Bakı ilə Mayns arasında qardaşlaşma təşəbbüsləri mövcuddur.Ticarət baxımından Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. 2024-cü ildə Almaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar (BXİ) əvvəlki illə müqayisədə 2,83 dəfə (48,8 milyon dollar) artaraq 75,3 milyon dollara çatıb.
Yüksək səviyyəli səfər hər iki ölkənin maraqlarına xidmət edir
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Bakıya səfəri Berlin və Bakı arasında ikitərəfli münasibətlərdə potensial dönüş nöqtəsi oldu. Səfər zamanı Almaniya Prezidenti Ştaynmayer və Azərbaycan Prezidenti İlham Əliyevin geniş tərkibdə görüşü keçirildi və onlar enerji, ticarət, nəqliyyat, yaşıl texnologiyalar kimi vacib əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardılar. Bu yüksək səviyyəli səfər hər iki ölkənin siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsinə qarşılıqlı sadiqliyini vurğulayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırarkən birmənalı mövqe ondan ibarət oldu ki, əlaqələrin daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylərini davam etdirəcəklər. Azərbaycan Prezidenti Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirdi ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.
Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini qeyd edərək, bildirdi ki, Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir: “Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”.
Almaniya Prezidenti t Frank-Valter Ştaynmayer çıxışında ilk öncə Cənab Prezidentə bütün alman nümayəndə heyətinin adından təşəkkürünü bildirdi: “Cənab Prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. Əvvəla, şvabiyalı kəndlilərin burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik. Bu cür mübadilədən çox məmnunam. Şadam ki, bir-birimizlə həmişə açıq danışa bilmişik. Həm ümumi fikrimiz olduğu mövzularda, həm də mövqeyimiz fərqləndiyi məsələlərdə səmimi danışa bilmişik. Hər iki tərəf geniş söhbətlər əsnasında bir-biri ilə açıq danışıb, söhbətlər aparıb. Hazırda çox sürətli və dramatik dəyişikliklərin baş verdiyi dünyada yaşayırıq. Cənab Prezident, Siz ölkələrimizi birləşdirən meyarları artıq qeyd etdiniz. Beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik”.
Almaniya prezidenti çıxışında onu da vurğuladı ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər: “Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq. Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək. Bununla mən, cənab Prezident, Sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz qonşu Ermənistan arasında sülh münasibətləri haqqında danışdınız. Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizə böyük təəssürat bağışlayır. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu müqavilə haqqında mən bu gün səhər danışanda cənab Prezidentə dedim ki, bu anlaşma ilə ümid doğuran bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, vəziyyət daha da inkişaf edəcək və ondan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gəlib çıxacaqsınız, nəhayət sizin regionunuzda əsl və davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid bəsləyirəm və sizi həmin anı əldən buraxmamağa çağırıram. Bütün çətinliklərə və maneələrə baxmayaraq, bu yol qət edilib, xeyli addımlar atılıb və sona qədər getmək lazımdır. Bununla belə, təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır, nəticədə siyasi müqavilə həqiqətən də həyata keçə bilər və qüvvəyə minər. Ümid edirəm ki, hər şey alınacaq və biz, həmçinin kənardan bacardığımız qədər, necə mümkündürsə öz dəstəyimizi verəcəyik. Çox sağ olun”.
Bir sözlə. Almaniya və Azərbaycan arasında müasir dövrün tələblərinə uyğun olaraq yeni münasibətlər qurulur. Bu əlaqələrin inkişafı hər iki dövlətin və xalqlarının sosial, iqtisadi rifah halının daha da yaxşılaşmasına, maraqlarının təmin olunmasına xidmət edəcək.