YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji ixracı ölkəmizin iqtisadi və geosiyasi mövqeyini gücləndirir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın enerji siyasətinin həm regional, həm də qlobal əhəmiyyətini bir daha təsdiqlədi. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Bu, Azərbaycanın enerji diplomatiyasının gücünü və beynəlxalq etibarını göstərən mühüm siqnaldır.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi artıq 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə qaz nəql edir. Layihənin əsas komponentləri olan TANAP və TAP boru kəmərləri vasitəsilə Azərbaycanın “Şahdəniz” qaz yatağından çıxarılan təbii qaz Avropanın enerji təhlükəsizliyinə real töhfə verir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi Azərbaycanın qaz ixracı yalnız miqyas baxımından deyil, həm də sabitlik və etibarlılıq baxımından Avropa üçün strateji əhəmiyyət daşıyır.

Mövcud ehtiyatlar, o cümlədən “Abşeron”, “Ümid-Babək”, “Asiman” və “Qarabağ” kimi perspektivli yataqlar sayəsində Azərbaycanın qaz hasilatı artmaqda davam edir. Bu isə onu göstərir ki, ölkə yalnız bugünün deyil, həm də sabahın enerji tələbatına cavab verməyə hazırdır. Prezident İlham Əliyev interkonnektorların genişləndirilməsi, qaz infrastrukturuna sərmayələrin artırılması və beynəlxalq maliyyə institutlarının dəstəyi ilə layihələrin daha da gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etdi.

Paralel olaraq, Azərbaycanın enerji siyasətində yaşıl transformasiya aydın şəkildə özünü göstərir. Artıq 2030-cu ilə qədər ölkə 6.5 giqavatlıq bərpaolunan enerji gücünə sahib olmağı planlaşdırır. Bu istiqamətdə əsas tərəfdaşlar kimi BƏƏ-nin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri çıxış edir. Külək, günəş və hidroenerji üzrə reallaşdırılan layihələr Azərbaycanın enerji balansında yaşıl komponentin artmasına səbəb olur.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda inşa edilən 270 meqavatlıq su elektrik stansiyaları həm bərpaolunan enerji istehsalını artırır, həm də bu bölgələrin dayanıqlı inkişafına töhfə verir.

Bundan əlavə, Xəzər dənizi üzərindən Avropaya yaşıl enerji ixracını nəzərdə tutan “yaşıl enerji dəhlizi” layihəsi də strateji əhəmiyyət daşıyır. Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə həyata keçirilən bu layihənin texniki-iqtisadi əsaslandırma mərhələsi artıq başa çatmaq üzrədir. Kabel layihəsi Avropa ilə Azərbaycanın enerji əlaqələrini təkcə qazla deyil, bərpaolunan enerji ilə də möhkəmləndirəcək.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi mühüm mesajlardan biri də enerji təhlükəsizliyinin artıq milli təhlükəsizlik məsələsinə çevrilməsidir. Bu kontekstdə Azərbaycan həm etibarlı tərəfdaş, həm də təşəbbüskar ölkə kimi çıxış edir. Azərbaycanın uğurlu enerji strategiyası həm daxili sabitliyin qorunmasına, həm də xarici tərəfdaşlarla münasibətlərin dərinləşməsinə xidmət edir.