YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Almaniya siyasi əlaqələri yüksək səviyyədədir

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin tarixinə, inkişaf yoluna qısa nəzər salmağı bir zərurətə çevirir. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. Belə ki, XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Sonradan isə almanlar bu ərazilərdə yayılaraq Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni koloniyalar yaradıblar. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər.  Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri alman əsilli Lorentz Kuntz olub. O, Azərbaycandakı alman icmasını təmsil edib. İndi də Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də mətbuata bəyanatında diqqəti bir daha bu reallıqlara yönəldərək bildirdi ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında münasibətlərin çoxdan olduğunu bilmək vacibdir.

Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyevin 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi,  10-dan çox   işgüzar səfəri olub.  Sonuncu işgüzar səfər ötən il  baş tutub. Dövlətimizin başçısı İlham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmişdir.

Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir.  Daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqətində olan Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji,  nəqliyyat layihələri ilə ölkələri,  xalqları birləşdirir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu  neft strategiyasının uğurları göz qabağındadır. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Həmin vaxtdan bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası bunu bir daha təsdiqləyir. Daim çıxışlarında   «Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş» söyləyən dövlət başçısı İlham Əliyevin bu fikirləri Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunun təsdiqidir. Cənab İlham Əliyev Almaniya ilə iqtisadi əlaqələrin də yüksələn xətlə inkişaf etdiyini bildirdi: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.

Göründüyü kimi, Azərbaycanla Almaniya arasında əlaqələrin daha da möhkəmlənməsi, yeni istiqamətlər üzrə inkişafı üçün imkanlar artır.