Xəbərlər
Qlobal Bakı Forumunun nəticələri dövlətimizin dünyada artan rolunu nümayiş etdirir

“Bakıda XII Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr, keçirilən panel iclasları üçün seçilmiş mövzular bu mötəbər tədbirin qlobal müzakirələrin yüksək səviyyədə keçirilməsi baxımından önəmli platforma olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin martın 13-də Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibəsində dünya ictimaiyyəti ölkəmizin bir sıra qlobal məsələlərlə bağlı mövqeyini bir daha öyrənmiş oldu”.
Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın, ilk növbədə, məhz Cənubi Qafqazda baş verən dəyişikliklərdə rolu və bu proseslərə münasibəti beynəlxalq ictimaiyyəti daha çox maraqlandıran məsələlərdəndir: “Ölkəmiz artıq uzun illərdir ki, bu regionun şəriksiz lider dövləti kimi çıxış edir və yeni regional reallıqlar formalaşdırır. Liderlik həm də məsuliyyət deməkdir. Azərbaycan da Cənubi Qafqazda sülh və sabitliyə görə məsuliyyət daşıdığını yaxşı bilir və bunların təmin olunması üçün əlindən gələni edir. Prezident İlham Əliyev öz müsahibəsində belə bir fikir ifadə edib ki, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Bu, bir daha Azərbaycanın öz praqmatik xarici siyasətində bütün region xalqlarının maraqlarını nəzərə almağa çalışdığını nümayiş etdirir. Dövlətimizin başçısı regionun gələcəyinə dair gözləntilərini bəyan edərək bildirdi ki, biz geosiyasi transformasiyalarla bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.”
K.Qafarov Prezident İlham Əliyevin qlobal miqyasda baş verən geosiyasi dəyişikliklərlə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib: “Hər zaman öz fikirlərini birmənalı və dəqiq ifadələrlə səsləndirməyə üstünlük verən Prezident İlham Əliyev “Euronews” televiziyasına son müsahibəsində də öz prinsiplərinə sadiq qaldı. Məhz bu fikirlər XII Qlobal Bakı Forumu kimi belə çoxsaylı qonaqların iştirak etdiyi toplantıların hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək baxımından vacib olduğunu bir daha vurğulayır”.