Xəbərlər
Azərbaycana inam və etimad yüksək səviyyədədir

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə diqqətin və marağın artması dünyaya təqdim etdiyimiz inkişaf modelinin nümunəviliyini təsdiqləyir. Bir neçə gün bundan öncə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilmiş XII Qlobal Bakı Forumu bu mənada istisna deyil. Ənənəvi qaydada keçirilən Qlobal Bakı Forumu dünyanı birləşdirən səmərəli platforma kimi dəyərləndirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. XII Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Forumun ən yadda qalan nitqi isə həmişəki kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konseptual xarakter daşıyan, eyni zamanda, dünyada baş verən proseslərlə bağlı bütün məqamları özündə ehtiva edən çıxışı idi. Dövlətimizin başçısı qeyd edib ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Ötən il XI Qlobal Bakı Forumunda müzakirə olunanlarla bu il müzakirə edilənləri müqayisə etdikdə nəzərəçarpacaq dəyişiklikləri görürük. Bu, bir daha onun təsdiqidir ki, dövr dəyişir, mütəmadi olaraq qarşıya yeni hədəflər qoyulur.
Azərbaycan-Ermənistan münasibətlərinə və regional inkişafla bağlı bir sıra mühüm məqamlara toxunan dövlətimizin başçısı Azərbaycan xalqının başına gətirilən müsibətlərin heç zaman unudulmayacağını dilə gətirməklə yanaşı, gələcəyə baxaraq Cənubi Qafqazda sülhə nail olmağın vacibliyini qeyd etmişdir.
Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvü kimi möhkəmlənən mövqeyi uğurlu siyasətimizin təqdimatında öz sözünü deyir. Bir daha təsdiq olunub ki, çoxşaxəli xarici siyasət həyata keçirən ölkəmizə inam və etimad yüksək səviyyədədir.