YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız milli-mənəvi dəyərlərinə daim sadiq olub

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Novruz xalqımızın çox sevdiyi bayramlarından biridir. Bu bayram təkcə onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz bayramı əsasən müsəlman ölkələrində qeyd olunsa da, dini bayram deyil. Bu bayramda təbiətin yenilənməsini, torpağın oyanışını simvolizə edən yazın gəlişi qarşılanır. Ümummilli Lider Heydər Əliyev Novruz bayramı haqqında bildirmişdir: “Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır”.

Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə həmişə, bütün dövrlərdə sadiq olub, onu yaşadıb, nəsillərdən nəsillərə ötürüb. Ata-babalarımızdan, əcdadlarımızdan bizə yadigar qalan bayramda xonçalar bəzənir, səmənilər qoyulur, küsülülər barışır, süfrələrimizi çeşid-çeşid naz-nemət, müxtəlif milli yeməklər bəzəyir. Xalqımızın  adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayramlaşmalıdırlar. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta bəzəmək, döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər, inanclar Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Dünyanın əksər ölkələri Novruzu müxtəlif adlar altında qeyd edirlər. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur. Novruz  ilin yeni, başlanğıc günü deməkdir. Çərşənbələrdən bəhs edərkən ilk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Sonuncu çərşənbə çox müqəddəsdir. İnancların əksəriyyəti də elə məhz həmin çərşənbə axşamı həyata keçirilir.

Hazırda Azərbaycan xalqı Novruzu qalib, bütövləşən, yeni dövrə qədəm qoyan  ölkənin vətəndaşları kimi qeyd edirlər. Ulu Öndərin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” arzusunu, vəsiyyətini Ali Baş Komandan, Prezident İlham Əliyev reallaşdırdı. Dövlətimizin  başçısının  rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və bu gün biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Qarabağımız, Şərqi Zəngəzurumuz çal-çağırlı günlərini yaşayır.

DİGƏR Xəbərlər Arxiv