Xəbərlər
Yeni çağırışlar, strateji prioritetlər
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının strateji hədəfləri, icra mexanizmləri və uzunmüddətli təsirləri ətraflı şəkildə təhlil olunub.
Prezident İlham Əliyev çıxışına bu sözlərlə başladı: “Bu gün biz Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələlərini müzakirə edəcəyik.” Bu fikirlər mahiyyət etibarilə bir dövrün yekunu, yeni mərhələnin başlanğıcını ifadə edir. Dövlətimizin başçısı bildirdi ki, Bakı və Abşeron yarımadasında su məsələsi uzun illərdir insanları narahat edir. Bu etiraf zəiflik deyil, əksinə, məsuliyyətli idarəetmənin ən ali nümunəsidir. Çünki cənab Prezident İlham Əliyev problemləri ört-basdır edən yox, onları açıq şəkildə dilə gətirib həll edən liderdir. Dövlətimizin başçısı keçmişi xatırladaraq dedi: “Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi”. Enerji qıtlığı, qaz çatışmazlığı, infrastrukturun dağınıq vəziyyəti. Bir vaxtlar bunlar gündəlik həyatın acı reallığı idi. Bu gün isə cənab Prezidentin sözləri ilə desək: “Biz bu gün nəinki öz enerji tələbatımız haqqında düşünürük, ixrac yolları haqqında düşünürük və onları yaradırıq.” Bu müqayisə təsadüfi deyil. Cənab Prezident göstərir ki, keçmişdə həll edilən hər bir problem bu günkü inamın əsasını təşkil edir.
Çıxışın ən ağır və ağrılı məqamlarından biri işğal dövründə yaşanan su faciələri ilə bağlı idi. Prezident İlham Əliyev bunu açıq adlandırdı: “Ermənistan dövləti bizə qarşı su terroru həyata keçirirdi.” Bu, sadəcə siyasi ifadə deyil. Bu, susuz qalan torpağın, məhsulsuz qalan əkinin, əziyyət çəkən kəndlinin hayqırtısı idi. “Sərsəng” və “Suqovuşan” anbarlarının sudan silah kimi istifadə edilməsi bir daha sübut etdi ki, su bəzən müharibədən də amansız ola bilər. Bu gün həmin anbarların bərpası, yeni su anbarlarının tikilməsi isə ədalətin bərpasıdır. Cənab Prezidentin dediyi kimi, azad edilmiş ərazilərdə su təsərrüfatının dirçəldilməsi torpağa həyatın qayıdışıdır. Dövlət başçısı iqlim dəyişikliyi ilə bağlı dünyada artan risklərə toxunaraq çox mühüm bir həqiqəti vurğuladı: “Əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi.”
Prezident İlham Əliyev qətiyyətlə bildirdi: “Vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin.” Bu proqram sadəcə sənəd deyil. Bu proqram Bakı və Abşeron üçün yeni həyat müqaviləsidir. 30-a yaxın yeni su anbarı, 100 faiz sayğaclaşdırma, fasiləsiz içməli su ilə təminatın 95 faizə çatdırılması, su itkilərinin kəskin azaldılması-bunlar rəqəm yox, insan rahatlığının ölçüləridir. Leysan yağışları zamanı Bakının üzləşdiyi çətinliklər də dövlətimizin başçısının çıxışında qeyd edilmişdir: “Bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur.”
Prezident İlham Əliyevin çıxışında xüsusi ümidlə səslənən məqamlardan biri də duzsuzlaşdırma zavodunun inşası oldu: “Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq.” Bu layihə su siyasətində yeni dövrün başlanğıcıdır. Xəzərin suyu artıq sadəcə coğrafiya deyil – strateji ehtiyatdır. Cənab Prezidentin ən mühüm çağırışlarından biri də ictimai nəzarətlə bağlı oldu: “Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır.” Bu fikirlər bir daha sübut edir ki, sözügedən proqram gizli kabinetlərin yox, xalqın gözü qarşısında icra olunacaq dövlət işidir.
Yanvarın 12-də keçirilən müşavirə göstərdi ki, Prezident İlham Əliyev üçün su məsələsi sadəcə texniki məsələ deyil – insana verilən dəyərin ifadəsidir. Bakı və Abşeron üzrə Dövlət Proqramı boruların dəyişməsi yox, şəhərin taleyinin dəyişməsidir. Bu yol çətindir, uzunmüddətlidir, amma bu yolun sonunda təhlükəsiz su, rahat həyat və güclü dövlət dayanır. Çünki suya verilən dəyər – insana, insana verilən dəyər isə dövlətin özünə verdiyi dəyərdir.
