YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

XII Qlobal Bakı Forumu: Azərbaycanın gələcəyə strateji baxışı

Nurlan Həsənov

Milli Məclisin deputatı

13-15 mart 2025-ci il tarixlərində Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu baş tutdu. Aktual qlobal aproblemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib məsələləri müzakirə etmək məqsədilə təşkil edilən Forumun mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” olaraq müəyyən edilib.

Prezident İlham Əliyev beynəlxalq liderləri bir araya gətirən XII Qlobal Bakı Forumunda çıxış edərək Azərbaycanın beynəlxalq aləmdə güclü mövqeyini və son illərdə əldə etdiyi uğurları vurğulayıb. Ölkəmizin enerji sahəsində nailiyyətlərini diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir. Təxminən 200 ölkənin yekdil qərarı ilə bu konfransın Bakıda keçirilməsi dövlətimizin “yaşıl keçid” sahəsində uğurlu fəaliyyətinə verilən yüksək dəyərin təzahürüdür.

Hazırda ölkədə yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər isə bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, eləcə də azad edilmiş ərazilərdə hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji gücləri yaradılması planlaşdırılır. Bu addım ölkənin enerji istehsalını, demək olar ki, iki dəfə artıracaq. Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Bu ölkələrin 12-si Azərbaycandan təbii qaz alır, onların 10-u isə Avropa ölkələridir. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bu, dövlətimizin enerji sahəsində strateji əhəmiyyətini bir daha göstərir.

Bölgənin strateji əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirib ki, son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artıb. Ölkə bu artan tələbatı qarşılamaq üçün dəniz limanları və dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətini artırmağı planlaşdırır. Bu addımlar Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artırır və bölgədə sülhün bərqərar olunmasına xidmət edir.

Dövlətimizin başçısı çıxışında Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri də xatırladıb. Azad olunmuş ərazilərdə dağıntıları və erməni işğalı zamanı törədilən vandalizmi qeyd edən Azərbaycan Prezidenti 65 məscidin dağıdıldığını və bu ərazilərdə heyvanların saxlanıldığını vurğulayıb. Bununla yanaşı, 613 nəfərin, o cümlədən 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımı da bəşər tarixinin ən qəddar cinayətlərindən biridir.

Bununla belə, dövlətimizin başçısı vurğulayıb ki, biz gələcəyə nəzər salmalı və Cənubi Qafqazda sülhə nail olmalıyıq. Azərbaycan sülh prosesinin təşəbbüskarı və Ermənistanla müzakirə olunan sülh sazişi layihəsinin müəllifidir. Bu müqavilədə bəndlərin əksər hissəsi razılaşdırılıb və həmin faktorlar bölgədə sülhün təmin olunmasına yönəlmiş mühüm addımlardır.

Ümumilikdə, XII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq aləmdə mövqeyini, enerji sahəsində uğurlarını, geosiyasi əhəmiyyətini və sülhə yönəlmiş təşəbbüslərini əks etdirən əhatəli bir təqdimat olub. Bu Forum Azərbaycanın sürətlə irəlilədiyini və gələcəyə baxışlarını əks etdirir.