YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Pakistan münasibətləri: yeni strateji reallıqlar

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq münasibətləri hər ötən gün daha da möhkəmlənir. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri bu münasibətlərin inkişafında yeni bir mərhələnin əsasını qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşlər çərçivəsində iki ölkə arasında iqtisadi, siyasi və müdafiə sahələrində əməkdaşlığın genişdirilməsi istiqamətində vacib razılaşmalar əldə edilib.

Səfər zamanı Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunub. Prezident İlham Əliyev Azərbaycanın Pakistana minimum 2 milyard dollar sərmayə yatırmağa hazır olduğunu bəyan edib. Bu investisiyalar enerji, infrastruktur və digər mühüm sahələri əhatə edəcək. Həmçinin, biznes-forum çərçivəsində ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayələrin təşviqi məsələləri müzakirə edilib.

Azərbaycan və Pakistan beynəlxalq arenada daim bir-birini dəstəkləyən ölkələr kimi tanınır. Pakistan ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və Ermənistanla diplomatik münasibətləri rəsmən tanımır. Dövlətimizin başçısı vurğulayıb ki, iki ölkə beynəlxalq təşkilatlarda bir-birinə tam dəstək verməyə davam edəcək.

İki ölkə müdafiə sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir. Azərbaycan artıq Pakistan istehsalı olan müdafiə avadanlıqlarını alır və keyfiyyətindən məmnundur. Görüşdə hər iki ölkənin müdafiə sənayesində birgə istehsal imkanları müzakirə olundu.

Səfər çərçivəsində nəqliyyat və logistika sahələrində də əməkdaşlıq məsələləri gündəmə gəldi. Pakistanın Azərbaycan vasitəsilə beynəlxalq ticarət yollarına çıxış imkanları genişlənəcək. Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində əməkdaşlıq bu baxımdan strateji əhəmiyyət daşıyır.

Azərbaycan və Pakistan arasında mədəni, turizm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə mühüm razılaşmalar imzalandı. “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə yeni imkanlar yaradacaq.

Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 10-dan çox saziş imzalandı. SOCAR və Pakistanın enerji şirkətləri arasında neft və qaz tədarükü ilə bağlı strateji razılaşmalar əldə olundu. Eyni zamanda, kənd təsərrüfatı, gömrük xidməti, ətraf mühitin mühafizəsi və peşə təhsili sahələrində də mühüm əməkdaşlıq memorandumu imzalandı.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin səfəri Azərbaycan-Pakistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. İki qardaş ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlıq daha da dərinləşir. Bu səfər təkcə iki dövlətin deyil, həm də regionun inkişafına töhfə verəcək mühüm bir addım oldu.

DİGƏR Xəbərlər Arxiv