Xəbərlər
YAP Mingəçevir şəhər təşkilatının yaranmasının 32 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanındığını və nüfuz qazandığını deyib. YAP-ın qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəldiyi, yeni Azərbaycan quruculuğunu təmin edərək ümumxalq partiyasına çevrildiyi vurğulanıb: “Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur”.
Partiya veteranları Mayıl İsmayılov, Allahverdi Alıyev, Umar Əliyev, partiya fəalları Anar İsmayılov və Xədicə Abdullayeva şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını, sıralarını ildən-ilə genişləndirdiyini vurğulayıblar.
Sonda şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif olunub.