Xəbərlər
Şəkidə Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi Nərgiz Heydərova Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdə qoyduğu misilsiz izlərin böyük qürurla xatırlandığını deyiblər. Ulu Öndərin Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, ordu quruculuğunda, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərdiyi qeyd olunub.
Bütün bunların davamı olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edildiyi, ərazi bütövlüyümüzün bərpa olunduğu xüsusi vurğulanıb.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gələn “İz” sənədli filmi nümayiş olunub.
