Xəbərlər
"Heydər Əliyev Azərbaycan dövlətinin tarixində silinməz izlər buraxıb"
Samux rayonunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı “Vətənə, xalqa həsr edilən ömür” mövzusunda anım mərasimi keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Samux şəhəri Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon Heydər Əliyev mərkəzinin direktoru Nuranə Həsənova, Samux rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnaz Cəfərova, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayon Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz izlər buraxdığı, Ulu Öndərin irsinin Azərbaycanın müasir tarixində mühüm yer tutduğu qeyd olunub.
Qeyd edək ki, Heydər Əliyevin anım günü ilə əlaqədar Samux rayonunun Ziyadlı kəndində, Samux-Kür yolunda ağacəkmə aksiyası da keçirilib.
