Xəbərlər
Göygöldə “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov və partiya fəalı Umxanım İmanzadə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin Azərbaycanınn milli maraqları baxımından tarixi qərar olduğunu bildiriblər.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkədə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.
O da vurğulanıb ki, Vətən müharibəsində qazandığımız tarixi Qələbə və uğurlu antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov fəxri fərmanla təltif edilib.