Xəbərlər
"Azərbaycan davamlı inkişaf yolunda inamla irəliləyir"
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir Mədəniyyət İdarəsi ərazi partiya təşkilatının növbəti yığıncağı keçirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik ideyaları əsasında yaradılan Yeni Azərbaycan Partiyası bu gün də ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi fəaliyyətini uğurla davam etdirir. O qeyd edib ki, son illərdə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər, dövlətimizin hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir.
Partiya fəalı Cavanşir Pirverdiyev vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin təhlükə ilə üz-üzə qaldığı mürəkkəb tarixi şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olub. O bildirib ki, bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı inkişaf yolunda inamla irəliləyir, tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda daha böyük uğurlara imza atır.
Yığıncaqda təşkilati məsələlər də müzakirə olunub. Sənan Məmmədli ərazi partiya təşkilatının sədri, Anar Əliyev isə sədr müavini seçilib.
