YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan türk dünyasının ən güclü dayaqlarından biridir

Əli Hüseynli

Milli Məclisin deputatı

Bir əsr əvvəl – 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayı türk xalqlarının elmi, mədəni və mənəvi birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm tarixi dönüş nöqtəsi kimi dəyərləndirmək mümkündür. Bu günlərdə bu möhtəşəm hadisənin 100 illiyi münasibətilə Bakıda təşkil olunan Türk Dünyası Həftəsi həmin tarixi ənənənin davamı kimi böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları, dövlət və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirən tədbir Azərbaycanın türk dünyasının inteqrasiya prosesində oynadığı aparıcı rolu bir daha nümayiş etdirdi. Tədbirdə 20 ölkədən 200-dən çox nümayəndənin iştirakı ölkəmizin beynəlxalq elmi və mədəni platforma kimi artan nüfuzunun daha bir təsdiqidir.

Tədbir çərçivəsində türk dillərinin inkişafı, ortaq mədəni irsin qorunması, türkologiyanın müasir istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunmuşdur. Müasir dövrdə qloballaşma, rəqəmsal texnologiyalar və beynəlxalq əməkdaşlığın genişlənməsi şəraitində Birinci Türkoloji Qurultayın ideyaları yeni məzmun qazanmışdır. Belə ki, türk dövlətləri arasında elm, təhsil, mədəniyyət və informasiya mübadiləsinin inkişafı, ortaq əlifba və terminologiya istiqamətində aparılan işlər Qurultayın müəyyən etdiyi strateji hədəflərin davamı hesab olunur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciət Türk Dünyası Həftəsinin ideoloji və siyasi məzmununu daha da zənginləşdirən amildir. Dövlət başçısı vurğulamışdır  ki, Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasının əsasını qoymuş tarixi hadisələrdən biridir və onun irsi bu gün də aktuallığını qoruyur. Prezident qeyd etmişdir ki, ötən ilin oktyabrında irəli sürdüyü təşəbbüs əsasında təşkil olunan yubiley tədbiri Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməklə xüsusi rəmzi məna daşıyır. Müraciətdə həmçinin qeyd olunmuşdur ki, türk xalqlarını birləşdirən ortaq tarix, dil və mədəni dəyərlər gələcək əməkdaşlığın ən möhkəm təməlidir və bu birliyin daha da gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Prezident İlham Əliyev müraciətində Birinci Türkoloji Qurultayın yalnız elmi hadisə olmadığını, eyni zamanda türk xalqlarının milli özünüdərkinin və mədəni həmrəyliyinin simvoluna çevrildiyini diqqətə çatdırmışdır. O vurğulamışdır ki, həmin qurultayın irəli sürdüyü ideyalar müasir dövrdə uğurla həyata keçirilir, türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr davamlı şəkildə genişlənir. Dövlət başçısının fikrincə, ortaq əlifba, ortaq mədəni irs və elmi əməkdaşlıq istiqamətində atılan addımlar türk dünyasının daha sıx inteqrasiyasına xidmət edir.

Beləliklə, Türk Dünyası Həftəsinin yekunları göstərdi ki, Azərbaycan bu gün yalnız coğrafi baxımdan deyil, həm də ideya və təşəbbüsləri ilə türk dünyasının mərkəzlərindən birinə çevrilib. Bakıda keçirilən beynəlxalq forumlar, qəbul olunan əməkdaşlıq qərarları və elmi müzakirələr ortaq türk kimliyinin möhkəmləndirilməsi, türkologiya elminin inkişafı və gələcək nəsillər arasında ortaq dəyərlərin yaşadılması baxımından mühüm nəticələri ortaya qoymuş oldu. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan türk dünyasında böyük nüfuza malik olmaqla yanaşı, onun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində böyük uğurlar müəllifi kimi mühüm dayaq rolunu  oynayır.

DİGƏR Xəbərlər Arxiv