Xəbərlər
Zəngəzur dəhlizi Avrasiyanın iqtisadi inkişafına töhfə verəcək
Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri
Prezident İlham Əliyev yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı ölkənin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı mühüm məsələləri gündəmə gətirdi. Dövlətimizin başçısı, həmçinin, nəqliyyat sahəsində mövcud inkişafı, qarşıdakı perspektivləri və qarşıya qoyulan hədəfləri diqqətə çatdırdı.
Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun inkişafı Azərbaycan Prezidentinin vurğuladığı əsas məsələlərdən biri olmuşdur. Qeyd olunub ki, bu sahə daim diqqət mərkəzində saxlanılır və son illər ərzində ölkə üzrə bir çox nəqliyyat layihələri icra edilmişdir. Azərbaycan coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi əraziyə çevrilmişdir. Hətta bu gün Avrasiyanın nəqliyyat xəritəsi ölkəmizin infrastrukturundan kənarda təsəvvür edilə bilməz. Bu, Azərbaycanın dünya miqyasında mühüm nəqliyyat mərkəzinə çevrilməsinin bariz nümunəsidir.
Zəngəzur dəhlizinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılacağını və bu layihənin mütləq şəkildə həyata keçiriləcəyini bildirən cənab İlham Əliyev, həmçinin, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizin mühüm nəqliyyat-logistika infrastrukturu beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilib.
Bu dəhliz Azərbaycanın Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş mənada region üçün strateji əhəmiyyətə malikdir.
44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını ortaya qoymuşdur. Xüsusilə Mərkəzi Asiya ölkələri yeni bazarlara çıxmaq üçün Zəngəzur dəhlizinin iqtisadi səmərəsini önə çəkirlər.
Dünya iqtisadiyyatının əsas lokomotivlərindən sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı, eləcə də Süveyş kanalından keçən dəniz yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, o cümlədən Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır. Bu dəhliz Azərbaycan Respublikasının regional və beynəlxalq hüquqi əlaqələrində mühüm rol oynayır. İkinci Qarabağ müharibəsindən sonra layihənin əhəmiyyəti daha da artmışdır. Hazırda Azərbaycan və Ermənistan arasında bu dəhlizlə bağlı razılıq hələ əldə olunmayıb. Buna səbəb Ermənistanın 10 noyabr Bəyanatı ilə bağlı öz öhdəliklərini yerinə yetirməməsidir.