Xəbərlər
"Gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb"
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının, Ağcabədi Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ağcabədi rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rüfət Quliyev, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Toğrul Bünyatov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Ağcabədi Regional “Asan xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov, Ağcabədi şəhər 3 saylı məktəb liseyin müəllimi Turan Balakişiyeva, Taekvando idman növü üzrə Avropa birincisi Çingiz Həsənov və Ağcabədi Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Adəm İbixanov qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan idmanı və gənclər sektoru böyük tərəqqiyə nail olub. Ölkədə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb.
Qeyd olunub ki, bu gün ölkəmizdə gənclər siyasəti yeni inkişaf dövrünə qədəm qoyub. Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərə fəxri fərmanlar təqdim olunub.