YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın nəqliyyat imkanları iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə diqqəti Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafına yönəldərək bildirdi ki, son 15 ildə  Bakı şəhərində bir çox böyük layihələr icra edildi. Yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Cənab İlham Əliyev görülən işlərin fonunda onu da qeyd etdi ki, əgər 20 il əvvələ nəzər salsaq  o vaxt yollarımızın nə vəziyyətdə olduğunu görərik.  Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimiz müasir avtomagistrallarla birləşdirilib. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayrılır.

Onu da qeyd edək ki, Azərbaycanın coğrafi vəziyyətindən  səmərəli  istifadə etməsi də nəqliyyat imkanlarının genişlənməsində öz sözünü deyir. Belə ki, beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir. Məhz bu baxımdan cənab İlham Əliyev müşavirədə qeyd etdi ki,  sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə  səylər göstərmişik və praktiki işlər görmüşük. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.  Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və müştərək müəssisələr qurulmuşdur. Görülən işlər Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirdi.

Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyas alan bərpa-quruculuq işlərində də əsas diqqət infrastruktur layihələrinin uğurlu icrasına yönəldilir. Dövlət başçısı İlham Əliyev bu sahədə görülən işləri rəqəmlər əsasında diqqətə çatdırdı. 44 avtomobil yolu layihəsi icra edilib, ya da icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. “Həyat yerində durmur” söyləyən cənab İlham Əliyev  yeni dövlət proqramının  qəbulunu şərtləndirən amilləri diqqətə çatdırdı. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.

Son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Azad edilmiş ərazilərimizdə qısa zamanda Füzuli və Zəngilan Benəlxalq Hava limanları tikilib istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının istifadəsi isə bu il nəzərdə tutulub.

Bütün bu qeyd etdiklərimiz Azərbaycanın nəqliyyat imkanlarının aydın mənzərəsini yaradır. Hər dövrün öz çağırışları, tələbləri vardır. Bu çağırışlar daim  təkmilləşməni, yeniləşməni bir zərurətə çevirir. Diqqət yetirsək ölkəmiz bütün sahələrdə müasir tələblərə uyğun yenilikləri həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənən  “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda qarşıdakı dövrün hədəfləri və onlara çatmaq üçün əsas mexanizmlər öz əksini tapıb. 

Azərbaycanın bu gün nəqliyyat sahəsində dünyada lider dövlətlərdən birinə çevrilməsi təqdir edilir. Ölkəmiz iştirakçısı və təşəbbüsçüsü olduğu nəqliyyat layihələri ilə ölkələr arasında körpü rolunu daha da möhkəmləndirir.