Xəbərlər
Gənclər siyasəti: Yeni perspektivlər və strateji addımlar

Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Müasir dövrdə gənclər hər bir ölkənin strateji resursu hesab olunur. Azərbaycanın dövlət siyasətində gənclər sahəsi xüsusi prioritet təşkil edir. Ümummilli Lider Heydər Əliyev gənclərin hərtərəfli inkişafını təmin etmək üçün sistemli və davamlı addımlar atmışdır.
Gənclər siyasəti gənclərin cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fəal iştirakını təmin etmək məqsədi daşımışdır. 2 Fevral – Azərbaycan Gəncləri Günü Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə təsis edilmişdir. Bu gün gənclərin nailiyyətlərinin qeyd olunması, onların gələcək hədəfləri ilə bağlı müzakirələrin aparılması üçün xüsusi əhəmiyyət daşıyır. Hər il keçirilən tədbirlər, forumlar və sərgilər gənclərin özlərini ifadə etməsi üçün geniş imkanlar təqdim edir.
Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu olaraq ölkənin gələcəyinin təminatçısı olan gənc nəslin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər gənclərin təhsilinə, peşəkar hazırlığına, sosial və mədəni həyatına təsir edən əsas strategiyaları formalaşdırmışdır.
Ümummilli Lider gənclər siyasətinin ən mühüm tərkib hissəsi təhsilə xüsusi diqqət idi. Onun təşəbbüsü ilə minlərlə gənc xarici ölkələrdə təhsil almaq imkanına malik oldu. Ulu Öndərin dediyi kimi, “Təhsil millətin gələcəyidir”. Bu prinsip əsasında gənclərin intellektual inkişafı üçün yeni təhsil proqramları, innovativ layihələr və beynəlxalq mübadilə imkanları yaradıldı.
Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən tədbirlər gəncləri milli-mənəvi dəyərlər üzərində yetişdirməklə onların həm mədəni irsin qorunmasına, həm də cəmiyyətdə rəqabət qabiliyyətli olmasına şərait yaratdı. Onun təşəbbüsü ilə yaradılan gənclər təşkilatları və ictimai birliklər bu istiqamətdə böyük işlər gördülər.
Gənclər siyasəti çərçivəsində idmanın inkişafına xüsusi diqqət yetirilmiş və bu, gənclərin sağlam həyat tərzinin təşviqi ilə yanaşı, ölkədə idman mədəniyyətinin formalaşmasına da şərait yaratmışdır. Bu gün Azərbaycanın beynəlxalq idman arenasında qazandığı uğurların təməlində həmin dövrdə gənclərə göstərilən qayğı dayanır.
Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasi kursu davam etdirərək, gənclərin potensialını daha geniş səviyyədə inkişaf etdirmək üçün böyük islahatlar həyata keçirir. Onun rəhbərliyi ilə gənclərin sosial müdafiəsini təmin edən, onları ölkənin inkişaf proseslərinə cəlb edən kompleks proqramlar reallaşdırılır.
Cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla 2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısı gənclərin qlobal rəqabətə uyğunlaşdırılması üçün yeni təhsil proqramlarını təşviq edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu proqram sayəsində minlərlə gənc dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı əldə etmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda innovasiya mərkəzləri və startap layihələri yaradılmışdır. Gənclərin kreativ ideyalarını dəstəkləmək məqsədilə müxtəlif maliyyələşdirmə mexanizmləri tətbiq edilir.
2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə bu Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.
Gənclərə göstərilən diqqət və dəstək onların hərtərəfli inkişafını təmin edir. Azərbaycan gənclərinin qazandığı uğurlar bu siyasətin nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Dövlətin dəstəyi ilə gənclərimiz ölkənin gələcəyini daha parlaq şəkildə təmin edəcək gücə və potensiala malikdir. Bu siyasətin davamlılığı, gənclərin daha geniş imkanlarla təmin edilməsi, onların ideyalarının reallaşdırılmasına şərait yaradılması Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq.