Xəbərlər
Gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, həmin tarix Azərbaycan Gəncləri Günü elan edilib. Bu vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Heydər Əliyev gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşmış, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müasir, müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Bu gün ölkəmizdə bütün sahələrdə gənclərin aktiv rol oynaması gənclər siyasətinin uğurla model olduğunu göstərir.
Hazırda Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri bütün sahələrdə özünü doğrultmuş, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi kimi məsələlər dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait həmin sahəyə böyük diqqətin nəticəsidir.
Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanda vətənpərvər, sağlam düşüncəli və gələcəyimizi etibar edə biləcəyimiz gənc nəsil yetişib. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynayıb. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetiriblər.
İstər idarəetmə sahəsində, istərsə də ölkəmizin sosial-iqtisadi, elmi-mədəni və ictimai həyatında gənclər aparıcı rol oynamaqdadırlar. Bu da xalqımızın gələcək inkişafının təmin olunması, azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işləri və doğma diyarımızın yenidən çiçəklənməsində iştirakı baxımından mühüm əhəmiyyət kəsb edir.
Gənclər Ulu Öndər Heydər Əliyevin idayelarına sadiqlik nümayiş etdirirlər. Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
İndiki gənclər üçün imkanlar daha genişdir. Gənclər bu imkanlardan səmərəli şəkildə yaralanır. Bu gün Azərbaycan xalqı inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapıb. Gənclər haqlı olaraq fəxr edirlər ki, bu ölkənin vətəndaşlarıdır. Bu mənada gənclərimiz öz gələcəyini düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdır.