YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İki ölkə arasında əlaqələr yüksək səviyyədədir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

“Şadam ki, bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir”. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söylədiyi bu fikirlər iki ölkə arasında münasibətlərin hazırkı inkişaf səviyyəsinin təqdimatı oldu. Cənab İlham Əliyev səfərin əhəmiyyətini belə xarakterizə etdi ki, bu, İrakli Kobaxidzenin ölkəsində keçirilən parlament seçkilərindən sonra xarici ölkəyə ilk səfəridir. Bu səfərin Azərbaycana edilməsi iki ölkə arasında əlaqələrin nə qədər yüksək  səviyyədə olduğunu göstərir. 

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.  Bu reallığı Gürcüstanın Baş naziri İrakli Kobaxidze məbuata bəyanatında da xüsusi qeyd etdi. Belə ki, “Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da bizim ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq” söyləyən İrakli Kobaxidze vurğuladı ki, Azərbaycan bizim üçün təkcə dəyərli dost deyil,  etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.

Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Hər iki ölkənin də tarixi İpək yolu üzərində yerləşməsi qitələri birləşdirən yeni nəqliyyat layihələri üçün geniş perspektivlər vəd edir. Gürcüstandan keçən və uğurla həyata keçirilən qeyd olunan layihələr bərpa olunan enerji resursları ilə zəngin olan ölkələrin yaşıl enerji sahəsində də birgə əməkdaşlıq edə biləcəklərini söyləməyə əsas verir.

Azərbaycan və Gürcüstan istər regional, istərsə də beynəlxalq səviyyədə birgə üzv olduqları bütün təşkilatlarda qarşılıqlı şəkildə bir-birlərinin mövqelərini dəstəkləyirlər. Gürcüstanın Baş naziri bildirdi ki, vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik.

Azərbaycan-Gürcüstan münasibətlərinin tarixinə qısa nəzər salaq. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub.  Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 123 sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Hazırda Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq uğurla davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, maliyyə, investisiya, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və digər sahələri əhatə edir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini yatırırlar.

Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın qonşuları ilə yaxşı dostluq əlaqələri qurmaqda maraqlı olduğunu, bunun həm bizim, həm də qonşu ölkələrin hərtərəfli inkişafı üçün vacib faktorlardan biri olduğunu qeyd edir. Bu mənada Azərbaycan üçün önəmli bir dövlət olan Gürcüstanla əlaqələrin bundan sonra da yüksələn xətlə  davam etdiriləcəyini, birlikdə yeni enerji və nəqliyyat layihələrinin həyata keçiriləcəyini söyləmək üçün böyük əsaslar mövcuddur. Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında Prezident İlham Əliyevin bölgədəki nüfuzunu xüsusi qeyd etdi: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.